Bu il sülh ili ola bilər - Cənubi Qafqazda tarix yazılır

Cənubi Qafqazda davam edən sülh prosesi regionun gələcəyini müəyyənləşdirəcək əsas məsələlərdən biri olaraq qalır. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan arasında aparılan danışıqların bölgədə sabitlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Ankara iki ölkə arasında sülh prosesini tam dəstəkləyir və bu istiqamətdə əldə olunacaq nəticələrin bütün region üçün yeni imkanlar yaradacağına inanır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşıb.
O bildirib ki, bu reallıqların müəllifi Azərbaycandır.
Onun sözlərinə görə, artıq bölgədə yeni oyun qaydaları var və bu qaydalar sülh sazişinin imzalanmasını qaçılmaz edir:

"Əslində İrəvanın başqa yolu da yoxdur. Sözsüz ki, Hakan Fidanın səsləndirdiyi fikirlər həm də Ermənistana verilmiş mesajdır. Belə ki, keçirilən parlament seçkilərində hakim "Mülki Müqavilə" partiyasının qalib gəlməsindən sonra Ermənistanda yeni dövr başladı. İndiyədək rəsmi İrəvan sülh sazişini imzalamağa risk etmirdi. Bu, daxildə vəziyyəti qızışdıra bilərdi. İndi isə bu ehtimal xeyli azalıb.
Təxmin etmək olar ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən konstitusiya dəyişikliyi barədə bu il zəruri addımlar atacaq. Bu, olsa, bu il sülh sazişinin imzalanması da mümkündür".
K.Novruzovun fikrincə, İrəvan regional təhlükəsizliyinin əsas təminatının Bakı və Ankara ilə münasibətlərdən asılı olduğunu başa düşür:
"Odur ki, gələcək dövrdə də münasibətlərin normallaşması istiqamətində addımlar atılacaq".
Firuzə Əliyeva
Sfera.az
