Paşinyan Azərbaycana gəlmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda yeni dövrün anonsunu verib. Paşinyan bəyan edib ki, 2028-ci ildə rəsmi Bakının ev sahibliyi edəcəyi sammitdə iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitinin açılış mərasimində danışıb.
“Çoxsaylı böhranlar dövründə Avropanın birliyini və ardıcıllığını qorumaq” mövzusuna həsr olunmuş paneldə çıxış edən Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə məsafədən qatıldığını qeyd edərək sensasiyalı bəyanat səsləndirib:
"Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycana səfər etmək imkanım olacaq".
Ötən ilin avqustunda əldə olunmuş sülh razılaşmasına toxunan Baş nazir, bölgədəki vəziyyətin kökündən dəyişdiyini vurğulayıb. O qeyd edib ki, hazırda beynəlxalq marşrutların açılmasına xidmət edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması mərhələsindədirlər:
"Əziz dostlar, artıq Azərbaycanla sülh şəraitindəyik. İki ildir ki, münaqişə nəticəsində heç bir can itkisi qeydə alınmır. Bu, müstəqilliyimizdən bəri görünməmiş bir vəziyyətdir", - deyə Paşinyan bildirib.
Paşinyan həmçinin bu sammitin Ermənistan üçün "ilklər"lə yadda qaldığını diqqətə çatdırıb.
Sonda Paşinyan qeyd edib ki, bu miqyasda bir tədbirə ev sahibliyi etmək Ermənistan üçün tarixi hadisədir və regionun gələcək inteqrasiyası üçün həlledici rol oynayır.
Bəsti Rəfizadə
Sfera.az
