Xarq adasından neft ixracı davam edir – Rəsmi AÇIQLAMA

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi ölkənin əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adası ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, komitənin sözçüsü “Tasnim” İnformasiya Agentliyi tərəfindən yayılan bəyanatda adada təhlükəsizliyin tam təmin olunduğunu bildirib.
“Xarq adasında təhlükəsizlik tam şəkildə təmin edilib və neft ixracı heç bir problem və fasilə olmadan davam edir”, – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və hər hansı hücum və təhdidə qarşı qəti və sərt cavab verməyə hazırdır. Qeyd edək ki, İran materikindən təxminən 30 kilometr aralıda yerləşən Xarq adası ölkənin xam neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi əsas mərkəz hesab olunur. Ada ötən həftəsonu ABŞ zərbələrinə məruz qalsa da, hadisə nəticəsində itki qeydə alınmayıb. ABŞ Prezidenti Donald Trump daha əvvəl İranın Hörmüz boğazı üzərindən hərəkəti məhdudlaşdıracağı təqdirdə Xarq adasının neft infrastrukturunu hədəfə ala biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Xatırladaq ki, Hörmüz boğazı vasitəsilə dünya üzrə neft tədarükünün təxminən 20 faizi daşınır.
Niyaz Hacıyev
Sfera.az
