Nizami metrosu ətrafında sakinlər "parkinq" yaradıb sürücülərə mane olurlar - FOTO

Nizami metrosu ətrafında sakinlər "parkinq" yaradıb sürücülərə mane olurlar - FOTO
Kateqoriya məlum deyil
T

Paytaxtın Yasamal rayonu, Nizami metrosu ətrafında maraqlı və mübahisəli vəziyyət yaranıb. Belə ki, bəzi sakinlər yaşadıqları binaların qarşısında plastik bidonlar, daşlar və müxtəlif əşyalar qoyaraq avtomobillər üçün yer “saxlayır”.

 

Bu isə digər sürücülərin park etməsinə mane olur və tez-tez narazılıqlara, hətta mübahisələrə gətirib çıxarır.

 

Sfera.az bildirir ki, sözügedən ərazidə bu hal artıq davamlı xarakter alıb. Sakinlər özlərinə “məxsus” hesab etdikləri yerlərdə başqa avtomobillərin saxlanmasına icazə vermir, bəzən isə sürücülərlə mübahisəyə girirlər. Hətta orada başqası avtomobilini parkinq edərsə, cızacağı ilə bağlı təhdid edilir. Məsələ ilə bağlı hüquqi məqamlara gəldikdə isə Azərbaycan qanunvericiliyi bu cür hallara aydın mövqe sərgiləyir. Mövcud qaydalara əsasən, küçələr və yol kənarları ümumi istifadədə olan ərazilər hesab olunur və hər hansı şəxsin həmin əraziləri özəl qaydada zəbt etməsi qanunsuzdur. Yolun hərəkət hissəsində və ya kənarında süni maneələrin yaradılması, o cümlədən müxtəlif əşyalarla park yerinin “rezerv edilməsi” qanun pozuntusu sayılır.

 

Hətta bina qarşısı belə olsa, ərazi rəsmi şəkildə ayrılmayıbsa, sakinlərin həmin yeri “özəlləşdirməsi” hüquqi əsas daşımır. Bu səbəbdən digər sürücülərin orada avtomobil saxlaması qanun pozuntusu hesab edilmir. Bu cür hallarda İnzibati Xətalar Məcəlləsinə əsasən, yolun hərəkət hissəsində və ya kənarında qanunsuz maneələrin yaradılmasına görə fiziki şəxslər təxminən 40-80 manat arası cərimə oluna bilər. Əgər bu maneələr yol hərəkətinin təhlükəsizliyinə ciddi risk yaradırsa və ya təkrar hallara yol verilərsə, daha sərt inzibati tədbirlər də tətbiq oluna bilər.

 

Bundan əlavə, yerləşdirilən əşyalar aidiyyəti qurumlar tərəfindən götürülə və ərazi əvvəlki vəziyyətinə qaytarıla bilər. Diqqətçəkən məqamlardan biri isə odur ki, ərazidə fəaliyyət göstərən parklanma zonalarından istifadə imkanları mövcuddur. Belə ki, vətəndaşlar müvafiq qaydada müraciət edərək yaşadıqları ünvana yaxın ərazilərdə parklanma icazəsi (talon) ala və qeydiyyatda olduqları ünvanın 100 metr yaxınlığındakı “Azparkinq” yerlərində avtomobillərini pulsuz saxlaya bilərlər. Lakin bir çox sakinlər bu imkanlardan yararlanmaq əvəzinə qeyri-qanuni üsullara üstünlük verir.

 

Bu cür halların qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilməlidir. Küçədə süni maneələr yaradan şəxslərə qarşı inzibati tədbirlər görülməsi, eyni zamanda vətəndaşların bu hallarla bağlı aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunur. Qeyd edək ki, belə hallarla rastlaşan vətəndaşlar hüquq-mühafizə orqanlarına, o cümlədən DYP-yə müraciət edə bilərlər.

 

Firuzə Əliyeva

Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ