İranda hədəf dəyişib - İsrail bu obyektləri vurur

İranda hədəf dəyişib - İsrail bu obyektləri vurur
Kateqoriya məlum deyil
T

Son günlərdə İsrail və ABŞ İranda daha çox mülki hədəfləri vurmağa başlayıblar. Şərhlərə görə, ABŞ və İsrail İranda rejimin hərbi yolla dəyişməsinin mümkün olmadığını anladığından müharibədən sonrakı dövrdə İranın çətin vəziyyətə salmaq üçün mülki hədəfləri vurur. 


Bu iddia nə dərəcədə doğrudur?


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Züriyə Qarayeva söyləyib ki, son günlərdə İran ərazisində mülki infrastruktura yaxın obyektlərin və ya iqtisadi əhəmiyyət daşıyan hədəflərin vurulması ilə bağlı iddialar müharibənin taktiki mərhələsinin dəyişməsi barədə müzakirələri artırıb: 

 


“Hərbi-strateji baxımdan böyük dövlətlər bəzən qarşı tərəfin yalnız hərbi potensialını deyil, həm də logistika və iqtisadi dayanıqlığını zəiflətməyə çalışırlar. Bu baxımdan enerji infrastrukturu, nəqliyyat qovşaqları, sənaye müəssisələri və rabitə sistemləri kimi obyektlərin hədəfə alınması müharibənin “təzyiq strategiyası” kimi izah edilir. Məqsəd təkcə hərbi üstünlük qazanmaq deyil, həm də qarşı tərəfin idarəetmə və resurs imkanlarını zəiflədərək onu siyasi güzəştlərə məcbur etməkdir. Lakin bunun sırf “müharibədən sonra İranı zəiflətmək planı” kimi təqdim olunması birmənalı qiymətləndirilə bilməz. Müasir münaqişələrdə mülki və hərbi infrastruktur arasında sərhəd çox vaxt qarışır, çünki bir çox obyekt həm iqtisadi, həm də hərbi məqsədlər üçün istifadə olunur”.


Politoloq digər tərəfdən, belə zərbələrin daxili ictimai narazılığı artırmaq və hakimiyyət üzərində sosial təzyiq yaratmaq məqsədi də daşıya biləcəyini əlavə edib: 


“Buna baxmayaraq, İran kimi böyük və institusional strukturları möhkəm olan bir ölkədə yalnız hərbi zərbələrlə rejim dəyişikliyinə nail olmaq olduqca çətin sayılır və bu səbəbdən bəzi analitiklər bu strategiyanı daha çox uzunmüddətli siyasi və iqtisadi zəiflətmə cəhdi kimi qiymətləndirirlər”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ