ABŞ-İran müharibəsi genişlənəcək? - AÇIQLAMA

ABŞ-İran müharibəsi genişlənəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi müharibənin dayanması üçün ölkəsinin şərtlərini açıqlayıb. Əraqçi deyib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən təcavüzün səhv olduğunu anlayana qədər mübarizə davam edəcək.


Nazirin sözlərinə görə, İran ordusu Trampın həm amerikalılara, həm də iranlılara qarşı apardığı qanunsuz müharibənin yanlış olduğunu və belə addımların bir daha təkrarlanmamalı olduğunu qəbul edənədək döyüşü davam etdirəcək.


Tərəflərin bir-birinə qarşı bu cür sərt və qarşıdurmanı dərinləşdirən bəyanatları müharibənin daha da uzanmasına səbəb ola bilərmi?


Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqarın fikrinə əsasən, ABŞ və İran rəsmilərinin son açıqlamaları göstərir ki, tərəflər psixoloji təzyiq elementlərindən də fəal şəkildə istifadə edirlər: 

 


“İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatı daha çox siyasi mesaj xarakteri daşıyır və həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlib. Belə açıqlamalar adətən qarşı tərəfə geri çəkilmək niyyətinin olmadığını göstərmək məqsədi daşıyır. Bu cür sərt bəyanatlar münaqişənin informasiya və diplomatik müstəvidə daha da kəskinləşməsinə səbəb ola bilər. Tərəflər bir-birini ittiham edən ritorikanı gücləndirdikcə kompromis imkanları da daralır. Xüsusilə ABŞ və İran kimi uzun illərdir qarşıdurma yaşayan dövlətlər arasında emosional və sərt ifadələr qarşılıqlı etimadı daha da zəiflədir və danışıqlar üçün siyasi mühiti mürəkkəbləşdirir”.


Ü.Zülfiqar belə bəyanatların hər zaman müharibənin daha da genişlənəcəyi anlamına gəlmədiyini qeyd edib:


“Bəyanatların bir hissəsi həm də strateji kommunikasiya və psixoloji təzyiq aləti kimi qiymətləndirilə bilər. Gərginliyin uzanması Yaxın Şərqdə və ona yaxın bölgələrdə təhlükəsizlik risklərini artırır. Vəziyyətin gərgin qalması bir çox ölkələr üçün əlavə risklər yaradır. Xüsusilə enerji və nəqliyyat layihələrində mühüm rol oynayan region dövlətləri üçün sabitlik məsələsi daha həssas xarakter daşıyır. Belə bəyanatlar münaqişənin siyasi müstəvidə daha da sərtləşdiyini göstərsə də, müharibələrin tarixən diplomatik danışıqlar və kompromislərlə başa çatdığı da məlumdur. Buna görə də yaxın mərhələdə sərt ritorikanın davam etsə də paralel şəkildə beynəlxalq vasitəçilik və diplomatik təşəbbüslərin artacağı ehtimalı da istisna edilmir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ