"Vur-tut planı" baş tutmadı: ABŞ çıxılmaz vəziyyətdədir

"Vur-tut planı" baş tutmadı: ABŞ çıxılmaz vəziyyətdədir
Kateqoriya məlum deyil
T

İran atəşkəs üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir. Rəsmi Tehran atəşkəslə bağlı ölkələrdən gələn təkliflərin hamısını rədd edib.


Tehran Vaşinqtonun gələcəkdə İslam Respublikasına təcavüz etməyəcəyinə dair öhdəlik götürməsini, təzminat ödənilməsini və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsinin tətbiqinə dair razılaşmaya zəmanət verməsini israrla tələb edir.


Bəs sözügedən şərtlər ABŞ tərəfindən qəbul oluna bilərmi? Atəşkəs danışıqlarının bərpası üçün hansı diplomatik addımlar daha effektiv hesab olunur?


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrailin İran planı, yəni rəhbərliyin öldürülməsindən sonra xalqın küçələrə çıxması və nəticədə hökumətin devrilməsi ssenarisi baş tutmadı.

 

 

Onun fikrincə, ABŞ Venesuela uğurunu İranda təkrar edə bilmədi və nəticədə proseslər ABŞ administrasiyasının ictimai dayaqlarına ciddi zərər verdi:


“Təbii ki, ABŞ hökuməti məhz bu mənzərədən ehtiyat edərək, əvvəlcə Tehran üzərində təzyiqləri artırmaqla ciddi güzəştlər əldə etməyə və diplomatik qələbə qazanmağa çalışırdı. Bu, əslində mümkün idi. Amma İsrail bundan narahat idi və yayda olduğu kimi, bu dəfə də müharibənin başlanmasına nail oldu. Nəticədə ABŞ-nin geosiyasi maraqlarına zərbə vuruldu, bölgə ölkələrindəki mövqeləri zəiflədi. İran ilk 10 gündə hücumlara tab gətirərək 'yeni normal'a adaptasiya ola bildi. Digər tərəfdən, prosesin uzanması strategiyası beynəlxalq təzyiqləri ABŞ-nin üzərinə yönəldir. Hörmüz boğazının minalanması İranın uzunmüddətli müharibəyə hazırlığı kimi qiymətləndirilməlidir. Boğazın bağlanması İrana kəşfiyyat dəstəyi verən Rusiyanın maraqlarını təmin edir və onun beynəlxalq mövqelərini gücləndirir. Bu isə ABŞ və Avropa İttifaqının maraqlarına qətiyyən cavab vermir. Bu səbəbdən də İran artıq üst pərdədən danışmağa başlayıb. Lakin İranın şərtləri ABŞ tərəfindən heç bir halda qəbul edilməz. Belə olarsa, bu, Vaşinqtonun dünya miqyasında imicinə ciddi zərər verə və daxildə Trampa qarşı etirazları gücləndirə bilər. Nəticədə aralıq seçkilərindən sonra o, impiçmentlə hakimiyyətdən uzaqlaşdırıla bilər”.


Əli Zülfüqaroğlu əlavə edib ki, İran hələ müharibə başlamazdan öncə ABŞ ilə razılaşmaqda maraqlı olduğunu bildirsə də, İsrail buna mane olub:


“ABŞ-İran danışıqlarının başlanması yalnız İranın İsrailə ciddi zərər verməsindən sonra mümkün ola bilər. Çünki İsrailin ABŞ hökumətinə ciddi təsir imkanları var və danışıqları yenə də pozacaq. İran isə İsrailə ciddi zərbələr endirərsə, bunu daxili ictimai rəyə 'qisas' kimi təqdim edə və qələbə elan edə bilər. Amma bütün bunlar sadəcə ehtimallardır; döyüş meydanındakı vəziyyət prosesin məcrasını müəyyən edəcək. Vasitəçilik üçün ən uyğun ölkə həm İran, həm də ABŞ ilə yaxşı əlaqələrə malik olan Türkiyədir. Lakin hazırkı məqamda atəşkəsdən danışmaq hələ tezdir”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ