“İranda vəziyyət daha da mürəkkəbləşə bilər” – Siyasi şərhçi

"İranda vəziyyət daha da mürəkkəbləşə bilər" – Siyasi şərhçi
Kateqoriya məlum deyil
T

İranda Ekspertlər Şurasının yeni ali dini lider seçimi ölkədə və regionda diqqət mərkəzində qalmaqda davam edir. Siyasi şərhçi Pərviz Mirizadə hesab edir ki, yeni liderin qarşısında olduqca mürəkkəb və çətin vəzifələr dayanır.

 

Sfera.az xəbər verir ki, ekspert sosial şəbəkədəki paylaşımında bildirib ki, Ekspertlər Şurası İranın yeni ali dini lideri kimi Müctəba Xameneini seçib.

 

Onun sözlərinə görə, hazırda əsas diqqət yeni liderin fəaliyyətini necə quracağına və Amerika Birləşmiş Ştatları ilə İsrailin ona qarşı münasibətinin necə olacağına yönəlib. Mirizadə qeyd edir ki, İrana qarşı hərbi əməliyyatların davam etdiyi bir dövrdə yeni dini lider ilk növbədə bu prosesi idarə etməli olacaq və bu, olduqca çətin vəzifədir.


Ekspertin fikrincə, ölkə həm xarici təzyiqlər, həm də daxili idarəetmə problemləri ilə üz-üzədir:


“Vaşinqton hələlik İranla bağlı istəklərini tam şəkildə reallaşdıra bilmir və regionda gərginliyin uzanması vəziyyəti daha da mürəkkəbləşdirir. Eyni zamanda enerji qiymətlərinin artması ABŞ-də siyasi proseslərə də təsir göstərir və bu amil ABŞ prezidenti Donald Trump və respublikaçılar üçün əlavə çətinlik yaradır”.

 


Pərviz Mirizadə hesab edir ki, hətta ABŞ geri çəkilmək məcburiyyətində qalsa belə, İranda problemlər aradan qalxmayacaq:


“Ölkədə sosial çətinliklər və idarəetmə ilə bağlı fundamental problemlər qalmaqdadır və bu amillər gələcəkdə yenidən ictimai narazılıqların artmasına səbəb ola bilər. Mərhum ali dini lider Əli Xameneinin oğlu olan Müctəba Xameneinin mövcud problemləri aradan qaldırmasının nə dərəcədə mümkün olacağı isə sual altındadır”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ