Mirzoyan Hakan Fidanla razılaşmadı: "Bir-birinə bağlı deyil”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankara ilə diplomatik münasibətlərin qurulması və Azərbaycanla sülh müqaviləsinin institusionallaşdırılması proseslərinin bir-birinə bağlı olmadığını bildirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Mirzoyan bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamasına cavab olaraq səsləndirib.
Hakan Fidan bəyan etmişdi ki, Ankara–İrəvan münasibətlərinin sürətlə normallaşdırılması Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaq üçün əsas stimullardan məhrum edə bilər. Mirzoyan isə cavabında vurğulayıb ki, Ermənistan üçün həm Türkiyə ilə diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması, həm də Azərbaycanla sülhün dərinləşdirilməsi vacib prioritetlərdir və bunlar bir-birindən asılı deyil.
Nazirin sözlərinə görə, əgər proseslər arasında əlaqə yaratmağa çalışsaq belə, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan–Azərbaycan münasibətlərinə mənfi yox, əksinə müsbət təsir göstərə biləcəyi ortaya çıxır.
Ararat Mirzoyan həmçinin regionda nəqliyyat infrastrukturunun açılması məsələsinə toxunaraq qeyd edib ki, bu istiqamətdə əsas prinsiplər avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb.
Ermənistan XİN rəhbəri bildirib ki, rəsmi İrəvan həm Türkiyə, həm də Azərbaycan istiqamətində səmimi səylər göstərməyə davam edir.
Fidan Hacızadə
Sfera.az






