Günəş Sistemindəki üçüncü ulduzlararası obyektin görünütləri yayımlanacaq

NASA Günəş Sisteminə daxil olan üçüncü ulduzlararası obyekt 3I/ATLAS-a aid yeni görüntüləri canlı yayımda təqdim etməyə başlayıb. Agentliyin bu səhər açdığı yayım vasitəsilə obyektin teleskoplardan alınan real vaxt görüntüləri yayımlanıb.
Sfera.az xəbər verir ki, NASA-nın açıqlamasına görə, 19 noyabr yerüstü teleskoplar və kosmik aparatların qeydə aldığı çoxsaylı 3I/ATLAS görüntüləri ictimaiyyətə təqdim edilməklə xüsusi tədbir keçiriləcək. Yayımı “NASA+”, “NASA Live”, NASA tətbiqi və “YouTube” üzərindən izləmək mümkündür. Agentlik görüntülərin hansı vasitələrlə əldə olunduğu barədə detalları açıqlamır. Lakin müşahidələrin “Hubble Kosmik Teleskopu”, “James Webb Kosmik Teleskopu” (JWST) və hətta Mars orbitindəki aparatların köməyi ilə aparılmış ola biləcəyi ehtimal edilir. Yerüstü müşahidələrdə isə “Gemini Rəsədxanası” kimi iri teleskopların iştirak etdiyi güman olunur.
Ulduzlararası obyekt 3I/ATLAS çılpaq gözlə görünmür, lakin canlı yayımda real vaxt teleskop görüntüləri təqdim edilir. 3I/ATLAS 2025-ci ilin iyul ayında kəşf ediləndən sonra böyük maraq doğurmuşdu. 21 oktyabrda Günəşin arxasına keçən obyekt 29 oktyabrda Günəşin ən yaxın nöqtəsinə çatıb. Hazırda isə o, Günəş Sisteminin ən kritik keçid mərhələsindədir. NASA bildirir ki, obyektin müşahidəsi 19 dekabrda daha da əhəmiyyətli olacaq. Həmin gün 3I/ATLAS dünya ilə ən yaxın məsafədən – təxminən 270 milyon kilometr keçəcək. Bu keçid zamanı yerüstü teleskopların hansı görüntüləri əldə edəcəyi indidən böyük maraq doğurur.
Hələlik canlı yayım vasitəsilə obyektin növbəti kadrlarını anbaan izləmək mümkündür. Əksər alimlər 3I/ATLAS-ın təbii mənşəli quyruqlu ulduz olduğunu bildirsə də, onun müşahidələr zamanı nümayiş etdirdiyi “anti-quyruq”, rəng dəyişkənliyi və böyük qaz buludu kimi qeyri-adi xüsusiyyətləri müzakirələri davam etdirir. Harvard Universitetinin professoru Avi Loeb isə obyektin nadir tərs orbitdə hərəkət etdiyini və 3I/ATLAS-ın “kosmik gəmi ola bilmə ehtimalını” 10 üzərindən 6 olaraq dəyərləndirdiyini bildirib.
Bəsti Rəfizadə
Sfera.az






