Türkiyə bu ölkələrdən qırıcı alacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər və Omanla “Eurofighter” qırıcılarının alınması ilə bağlı danışıqların davam etdiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.
“Eurofighter məsələsinə gəlincə, hazırda iki ölkə, Qətər və Omanla danışıqlar aparırıq. Mən bu istiqamətdə təmaslar qurmuşam, həm müdafiə, həm də xarici işlər nazirlərimiz də görüşlər keçiriblər. Müzakirələr davam edəcək. Məqsədimiz bu danışıqları tez bir zamanda yekunlaşdırmaq və Hərbi Hava Qüvvələrimizi daha da gücləndirməkdir. Bu təyyarələrin alınması ilə ordumuzun hava qüvvələri daha da qüdrətlənəcək”,– deyə Ərdoğan Fars körfəzi ölkələrinə səfərindən qayıdarkən deyib.
Türkiyə son illərdə hava qüvvələrini aktiv şəkildə modernləşdirməyə çalışır. Bu çərçivədə ölkə özünün beşinci nəsil qırıcısı “Kaan” üzərində işləyir və onun yaxın illərdə silahlanmaya daxil edilməsi planlaşdırılır. Təyyarə üçün yerli mühərrikin hazırlanması prosesi də davam edir. Keçid dövründə Türkiyə Hərbi Hava Qüvvələrini müasir təyyarələrlə təmin etməyi hədəfləyir. Bu məqsədlə Ankara ABŞ-lə F-16 qırıcılarının ən son təkmilləşdirilmiş versiyalarının tədarükü barədə müqavilə imzalasa da, sənədin icrasına hələ başlanmayıb. Eyni zamanda Türkiyə “Eurofighter” konsorsiumuna üzv ölkələrlə yeni qırıcıların alınması istiqamətində danışıqlar aparır.
Niyaz Hacıyev
Sfera.az






