Ərdoğan ABŞ və Rusiya liderlərini İstanbula çağırdı

“Ankara Rusiya və ABŞ liderləri arasında keçiriləcək sammitə ev sahibliyi etməyə hazırdır”.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə və xüsusilə İstanbulun sülh baxımından əhəmiyyəti bir daha özünü göstərdi. Biz istənilən vaxt Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq. Budapeşt görüşünün baş tutmaması təəssüf doğurur. Əminik ki, hər bir dialoq bu müharibənin bitməsinə töhfə verə bilər. Başlanğıcdan etibarən biz sülhün tərəfdarı olmuşuq və bu istiqamətdə səylərimizi davam etdiririk”, - deyə Ərdoğan Fars körfəzi ölkələrinə səfərindən qayıdarkən jurnalistlərə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə dialoqu qoruyub saxlayan nadir ölkələrdəndir:
“Biz hər iki tərəfin etimadını qazanmış bir dövlətik. Bu da bizə sülh prosesində mühüm üstünlük verir. Məqsədimiz bu fürsətdən bəşəriyyətin xeyrinə istifadə etməkdir”.
Fidan Hacızadə
Sfera.az






