İstanbulda casusluq qalmaqalı - İmamoğluna qarşı yeni ittiham

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı istintaq çərçivəsində xarici ölkələrə casusluq etdiyi müəyyən edilən Hüseyn Günün rəqəmsal materiallarında gizli hərbi məlumatlar, xarici pasport şəkilləri və təşkilati əlaqələr aşkar edilib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma nəticəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiç sədri Əkrəm İmamoğlu, onun müşaviri Necati Özkan və "Tele1" TV-nin qurucusu Merdan Yanardağa qarşı “casusluq” və “mənfəət əldə etmək məqsədilə cinayətkar təşkilat yaratmaq” ittihamları irəli sürülüb.
Prokurorluğun məlumatına əsasən, Əkrəm İmamoğlu mer vəzifəsindən kənarlaşdırılaraq həbs edilib. Necati Özkan da eyni ittihamla saxlanılıb, Merdan Yanardağ isə nəzarətə alınıb.
İstintaqın ikinci mərhələsində İBB-yə məxsus “İstanbul Senin” mobil tətbiqinin 4,7 milyon istifadəçisinə aid şəxsi məlumatların və yerləşmə məlumatlarının iki xarici ölkəyə sızdırıldığı müəyyən edilib.
İyul ayında həbs edilən Hüseyn Günün şifrəli rabitə vasitələrindən istifadə etdiyi, müxtəlif ölkələrdə vətəndaş iğtişaşlarını maliyyələşdirdiyi və xarici kəşfiyyat zabitləri ilə əlaqə saxladığı üzə çıxıb.
Onun telefon və sənədlərində hərbi sursat və silahların fotoşəkilləri, İsrail vətəndaşlarının pasport surətləri, eləcə də FETÖ üzvləri və diplomatik şəxslərlə əlaqə məlumatları tapılıb.
Maliyyə Cinayətləri üzrə İstintaq Şurası (MASAK) tərəfindən aparılan yoxlama zamanı Hüseyn Günün heç bir rəsmi kommersiya fəaliyyəti olmadan 85 milyon lirəlik (2,02 milyon dollar) daxili və beynəlxalq pul köçürmələri həyata keçirdiyi müəyyən edilib.
Əlyazma qeydlərində Günün FETÖ-nun yüksək səviyyəli rəhbərlərindən Mustafa Özcanla görüşdüyü, ondan aldığı təlimatları icra etdiyi və məlumatları xarici kəşfiyyat orqanlarına ötürdüyü qeyd olunub.
Prokurorluğun məlumatına görə, Hüseyn Gün və Necati Özkan 2019-cu il yerli seçkiləri zamanı İmamoğlunun seçki kampaniyasına dair məxfi məlumatları sızdırmaq və xarici orqanlarla paylaşmaq məqsədilə əməkdaşlıq ediblər.
İstintaqda Hüseyn Günün Necati Özkana göndərdiyi mesajda “Murat Ongunun telefonu casus proqramla yoluxub, onu görüşlərə gətirməsin” ifadəsinə rast gəlinib.
İstintaq materiallarında Merdan Yanardağın seçki kampaniyasının media hissəsini təşkil etdiyi, xarici kəşfiyyat orqanları ilə əlaqə saxladığı və seçki manipulyasiyası ilə məşğul olduğu iddia edilir.
Hazırda İstanbul Baş Prokurorluğu casusluq şəbəkəsinin maliyyə əlaqələrini, məlumat sızmalarının miqyasını və şübhəlilərin xarici kəşfiyyatla əlaqələrini araşdırır.
Fidan Hacızadə
Sfera.az






