Rusiya Ukraynanı külə çevirir...

Rusiya Ukraynanı külə çevirir...
Kateqoriya məlum deyil
T

Ukraynada müharibə ilə paralel şəkildə artan meşə yanğınları minlərlə hektar ərazini külə çevirib. Rus PUA-larının hədəfinə çevrilən yanğınsöndürmə briqadaları mina ilə dolu sahələrdə alovlarla mübarizə aparır.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yanğınların ən çox yayıldığı bölgə hələ də döyüşlərin davam etdiyi Ukraynanın şərq hissəsidir. “Forests of Ukraine” dövlət qurumunun məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında meşə yanğınlarının 60 faizi Xarkov vilayətində qeydə alınıb. Studenok kəndini əhatə edən yanğın kənddən 23 kilometr aralıdakı milli parkda başlayaraq 6 min hektar ərazini kül edib.

 

Ümumilikdə, 2024-cü ildə Ukraynada təxminən 1 milyon hektar sahə yanıb. Bu rəqəm eyni dövrdə bütün Avropa İttifaqında yanan ərazinin iki qatı deməkdir. “The Guardian” və “Kyiv Independent” tərəfindən aparılan təhlillər yanğınların birbaşa Rusiya işğalı ilə əlaqəli olduğunu göstərir. Peyk görüntüləri sursat partlayışları ilə başlayan yüzlərlə kiçik, lakin uzunmüddətli yanğınları qeydə alıb. Yanğınsöndürmə texnikalarına elektron müdaxilə cihazları quraşdırılsa da, yeni nəsil rus dronları bu sistemləri asanlıqla məhv edir. Park işçiləri bəzən ov tüfəngləri ilə özlərini müdafiə etməyə məcbur qalırlar. Sosial mediada yayılan görüntülər üzərində “Yanğınsöndürmə” yazılmış avtomobillərin bilavasitə hədəf alındığını təsdiqləyir.

 

Bəzi hücumlar “ikiqat zərbə” taktikası ilə həyata keçirilir: əvvəlcə partlayışla yanğın yaradılır, daha sonra hadisə yerinə gələn yanğınsöndürmə qrupları ikinci dron hücumu ilə vurulur. Bu cür hərəkətlər beynəlxalq hüquqa görə müharibə cinayəti sayılır. Cəbhəyanı ərazilərdə mina və partlamamış sursatlar yanğınların miqyasını daha da artırır. Alovların istiliyi bombaların partlamasına, bu isə yeni yanğınların yaranmasına səbəb olur. Rus ordusunun dronlarla “petal” tipli minalar atması yanğınsöndürmə işlərini demək olar ki, mümkünsüz hala gətirib. İzyum meşələrinin 90 faizi hələ də minalarla doludur. Yanğınsöndürmə briqadaları yalnız sahə partlayıcı mütəxəssislər tərəfindən təmizləndikdən sonra fəaliyyətə başlaya bilir. İndiyədək Ukrayna ərazisinə 2 milyondan çox mina yerləşdirilib. “World Resource Institute” eksperti Peter Potapov xəbərdarlıq edib ki, bu minalar meşələrin bərpasını onilliklər boyu əngəlləyəcək.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR