ABŞ Knessetin qərarı ilə razılaşmır: "Bu, təhlükəli addımdır"

ABŞ Knessetdə müzakirə olunan, ölkə suverenliyinin İordan çayının Qərb sahilinə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini Qəzza zolağında atəşkəs razılaşmasına birbaşa təhlükə kimi qiymətləndirib.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio İsrailə səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür addımlar bölgədə gərginliyin artmasına və sülh prosesinin dayanmasına səbəb ola bilər.
Rubio çıxışı zamanı Yaxın Şərqdən kənar ölkələrin Qəzza zolağında təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasında iştirak etmək istəklərini də qeyd edib. O, həmçinin HƏMAS hərəkatının tərəfdarları tərəfindən Qəzza zolağında müxaliflərin zorakılıqla təqib edilməsini pisləyib.
Xatırladaq ki, İsrail parlamentinin mətbuat xidməti bir neçə gün əvvəl məlumat yayaraq bildirmişdi ki, Knesset üzvləri İsrailin suverenliyinin İordan çayının Qərb sahilindəki yaşayış məntəqələrinə şamil edilməsini nəzərdə tutan iki qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.
İyulun 23-də isə Knesset İsrail hökumətini ölkənin suverenliyini Qərb sahilinə qədər genişləndirməyə çağıran bəyannamə qəbul edib. 120 deputatdan 71-i sənədin lehinə, 13-ü isə əleyhinə səs verib.
Fidan Hacızadə
Sfera.az






