Cənubi Koreya Prezidenti Trampa ümidlidir

Cənubi Koreya Prezidenti Li Jae-Myunq Şimali Koreya və ABŞ liderləri Kim Çen In və Donald Tramp arasında mümkün görüşə müsbət yanaşdığını bildirib.
Sfera.az xəbər verir ki, o bu barədə “CNN” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, ABŞ və Şimali Koreya liderləri gözlənilmədən görüşsələr, bu, yaxşı olardı”– deyə Li Jae-Myunq deyib.
Xatırladaq ki, avqustun 25-də keçirilən ABŞ–Cənubi Koreya sammiti zamanı Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə 2025-ci ildə görüşmək istədiyini açıqlayıb. Bundan sonra Cənubi Koreya mediası və ekspertləri Tramp və Kim Çen Inın 2019-cu ildə olduğu kimi, Koreyalararası sərhəddə yenidən görüşə biləcəklərini istisna etmirlər.
“Mən inanıram ki, prezident Tramp qlobal sülhə nail olmaq istəyir. Ona görə də ondan Koreya yarımadasında sülhməramlı kimi çıxış etməsini xahiş etdim”,– deyə Cənubi Koreya prezidenti əlavə edib.
Li Jae-Myunq sammit zamanı Trampın sülhməramlı rolu öz üzərinə götürə biləcəyini və sürəti saxlamağa kömək edəcəyini də vurğulayıb. Prezident Kim Çen Inın mövqeyinə münasibət bildirərkən isə o qeyd edib ki, iki tərəf arasında dialoq problemlərin həlli istiqamətində ilk addımdır. Cənubi Koreya hakimiyyəti görüş ehtimalını aşağı qiymətləndirsə də, gözlənilməz hadisələri də istisna etmir. Oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərində APEC sammiti keçiriləcək. Trampın isə oktyabrın 29–30-da Cənubi Koreyada olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri indiyədək üç dəfə görüşüblər. Li Jae-Myunq həmçinin Cənubi Koreya və ABŞ arasında aparılan tarif danışıqlarına da toxunaraq, Seul və Vaşinqtonun müttəfiqlik münasibətlərini qorumaqla məqbul nəticə əldə edəcəklərinə inandığını bildirib.
Niyaz Hacıyev
Sfera.az






