Rusiyadan qaz alışına qadağa qoyulacaq

Avropa İttifaqı 2028-ci ilin əvvəlindən etibarən Rusiyadan təbii qaz və maye təbii qaz (LNG) idxalını tamamilə dayandırmağı planlaşdırır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Şurası məlumat verib ki, üzv ölkələrin enerji nazirləri Lüksemburqda keçirilən iclasda Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair razılığa gəliblər.
Açıqlamada bildirilir ki, üzv dövlətlər Rusiyadan qaz tədarükünün tədricən ləğvini nəzərdə tutan layihə üzrə Avropa Parlamenti ilə aparılacaq danışıqlarda ortaq mövqe müəyyən ediblər.
“Təklif olunan qaydalar Rusiyadan boru kəməri ilə qaz və LPG idxalına mərhələli və hüquqi cəhətdən məcburi qadağa tətbiq edir. 2028-ci il yanvarın 1-dən etibarən Rus qazına tam qadağa qüvvəyə minəcək”, – açıqlamada qeyd olunub.
Plan çərçivəsində 2026-cı il yanvarın 1-dən yeni müqavilələrin, 2026-cı il iyunun 17-dən isə mövcud qısamüddətli müqavilələrin bağlanması dayandırılacaq. 2028-ci ilin əvvəlindən isə uzunmüddətli müqavilələr üzrə idxal da tamamilə qadağan ediləcək.
Qanun layihəsi Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Məlumata görə, 2021-ci ildə Aİ-nin istifadə etdiyi qazın 45 faizi Rusiyadan alınırdı. 2024-cü ildə bu göstərici 19 faizə enib. Buna baxmayaraq, bəzi üzv ölkələr hələ də Rusiyadan LPG və boru kəməri ilə qaz idxalını davam etdirirlər.
Bəsti Rəfizadə
Sfera.az






