Neftin qiymətinin düşməsi hansı riskləri yaradacaq? - AÇIQLAMA

Neftin qiymətinin düşməsi hansı riskləri yaradacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son zamanlar dünya bazarında neftin qiymətində müşahidə olunan eniş iqtisadi sektorun diqqət mərkəzinə çevrilib. Qlobal tələbatdakı azalma, geosiyasi gərginliklər və iri hasilatçı ölkələrin qərarları bu prosesin əsas amilləri kimi göstərilir.


Bəs neftin qiymətinin enməsi cari dəyişiklikdir, yoxsa növbəti böyük qiymət uçurumunun başlanğıcıdırmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli neftin qiymətinin ucuzlaşmasının artıq sabit bir tendensiyaya çevrilməkdə olduğunu deyib.

 

 

Onun sözlərinə görə, geosiyasi gərginliklərin azalması, Yaxın Şərqdə sülh prosesinin irəliləməsi, eləcə də OPEC+ ölkələrinin hər ay hasilat kvotalarını artırması bunu təsdiqləyir: 


“Bütün bunlar göstərir ki, neft bazarında azalma meyli davam edir və yaxın gələcəkdə qiymətlərin yenidən enməsi ehtimalı böyükdür. Hətta neftin uzun müddət 55–65 dollar diapazonunda qalacağını indidən proqnozlaşdırmaq mümkündür. Yəni, son həftələrin və ayların ümumi mənzərəsi neftin ucuzlaşma istiqamətində hərəkət etdiyini göstərir”.


İqtisadçı bununla belə, müəyyən risklərin də olduğunu vurğulayıb. 

 

O qeyd edib ki, məsələn, Rusiya neftinin bazardan tam çıxarılması və ya ixracının məhdudlaşdırılması, sanksiyaların sərtləşdirilməsi nəticəsində Rusiyanın satış imkanlarının azalması əks təsir yaradaraq qiymətlərin yenidən bahalaşmasına səbəb ola bilər:

 

"Lakin hazırkı mərhələdə həm geosiyasi gərginliyin azalması, həm də OPEC+ ölkələrinin hasilatı artırması neftin qiymətinin düşmə ehtimalını gücləndirən əsas amillər kimi çıxış edir”.


Qeyd edək ki, son hərrac nəticələrinə əsasən dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,08 ABŞ dolları, yaxud 0,12 % azalaraq 66,28 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR