Paşinyana qarşı impiçment: Parlamentdə gərginlik artır

Paşinyana qarşı impiçment: Parlamentdə gərginlik artır
Kateqoriya məlum deyil
T

Ermənistan parlamentinin müxalifətdən olan üzvləri Baş nazir Nikol Paşinyanın impiçmenti üçün tələb olunan səsləri demək olar ki, toplayıb. İmpiçment təşəbbüsünə artıq 34 deputat qoşulub, səsverməni başlatmaq üçün isə 36 imza tələb olunur.


Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar Ermənistan Konstitusiyasına əsasən impiçment prosedurunun yalnız parlamentin üçdə iki hissəsinin (yəni 107 deputatdan azı 72-nin) lehinə səs verməsi ilə həyata keçirilə biləcəyini dedi.

 

Onun fikrincə, hazırda parlamentdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyası mütləq çoxluğa sahibdir və bu, impiçmentin baş tutmasını faktiki olaraq mümkünsüz edir:


“Müxalifət bu proseslə Paşinyanı real şəkildə devirməkdən çox, siyasi gündəmi dəyişmək və narazılığı parlament müstəvisinə daşımaq məqsədi güdür. İmpiçment təşəbbüsü hökumətin guya zəiflədiyini göstərmək, hakim partiya daxilində fikir ayrılıqlarına nail olmağa çalışmaq, Paşinyanı müdafiə mövqeyinə çəkmək üçün bir vasitədir”.

 

 

Politoloq indiki mərhələdə bunun bir siyasi təzyiq rıçağı olduğunu qeyd edib.


O, əlavə edib ki, Paşinyanın yaxın dövrdə impiçmentlə devrilməsi praktik baxımdan mümkün görünmür:


“Ermənistan parlamentində müxalifətin Nikol Paşinyanın impiçmenti üçün tələb olunan imzaların əksər hissəsini toplaması ölkədə siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Hətta daha iki imza toplanaraq səsvermə başlatmağa nail olunarsa belə, impiçmentin yekdilliklə qəbul olunması real görünmür. Müxalifət bu yolla həm hökumətin legitimliyini sual altına almağa, həm də cəmiyyətdə anti-Paşinyan ovqatını gücləndirməyə çalışır”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR