"Bəziləri əhəmiyyətli miqdarda pul itirəcək"

“OpenAI” CEO-su Sam Altman süni intellekt sektorunda maliyyə çöküşü riski barədə xəbərdarlıq edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Texasda inşa edilən “OpenAI” məlumat mərkəzlərindən birini ziyarət edən Altman jurnalistlərə açıqlamasında deyib ki, “onilliklər ərzində həm yüksəlişlər, həm də çöküşlər yaşanacaq. İnsanlar çox yatırım edib pul itirəcək, az yatırım edərək gəlir imkanlarını əldən verəcək. Biz də zaman-zaman səhv kapital bölgüsü edəcəyik, amma uzun müddətdə bu texnologiya bənzərsiz iqtisadi böyümə yaradacaq”.
Bir çox iqtisadçı xəbərdarlıq edir ki, “Süni intellekt balonu partlasa, qlobal iqtisadiyyat ciddi zərər görə bilər”. Həqiqətən də, milyardlarla dollar dəyərində yatırım cəlb edən böyük süni itellekt şirkətlərinin əksəriyyəti hələ də qazanclı iş modeli təqdim edə bilmir.
Altman isə fəlakət ssenarilərini demək olar ki, adi hala gətirib. Daha əvvəl dəfələrlə “Süni intellekt balonunun içindəyik” deyən Altman, avqust ayında “The Verge”ə verdiyi müsahibədə bildirib: “Balonlar adətən kiçik bir həqiqət ətrafında yaranır. Ağıllı insanlar o həqiqətə həddindən artıq həyəcanlanır. Hazırda investorlar süni intellektə qarşı ümumiyyətlə həddindən artıq həyəcanlıdırmı? Məncə, bəli”.
Altman uzun illərdir süni intellektin iş sahələrini sıradan çıxara biləcəyini, cəmiyyəti yanlış məlumatlarla doldura biləcəyini və hətta insanlığı təhlükəyə ata biləcək “Terminator ssenarisinə” yol aça biləcəyini vurğulayır.
Lakin ekspertlər bildirirlər ki, bu tip proqnozlar həm də “OpenAI” texnologiyasının tanıtımına xidmət edir. Altman avqust ayında vəziyyəti belə şərh edib: “Bəziləri əhəmiyyətli miqdarda pul itirəcək, amma kimin itirəcəyini bilmirik”.
Bəsti Rəfizadə
Sfera.az






