İranda hicab zərurəti ləğv oldu? - AÇIQLAMA

İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin açıqlaması ölkə və region ictimaiyyətində geniş maraq doğurub. O bildirib ki, artıq İranda hicab taxmaq məcburi deyil, bu qaydaya əməl etməyən qadınlara qarşı nə cərimə, nə də hər hansı cəza tədbiri tətbiq olunacaq.
Sosial mediada böyük müzakirələrə səbəb olan bu bəyanat “İran həqiqətən də hicab qadağasını ləğv edibmi?” sualını gündəmə gətirib.
Məsələ ilə bağlı politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, İranın hicab məsələsində bu qədər radikal dəyişiklik etməsi real görünmür:

“İran İslam Respublikası adından da göründüyü kimi, bu ölkənin hicabı tam şəkildə ləğv etməsi inandırıcı deyil. Mən bunu sadəcə adla əlaqələndirmirəm. 1979-cu ildə İslam inqilabından sonra İran hicab məsələsində sərt mövqe tutub və bu illər ərzində bu mövqeyindən dönməyib. Dünyanın müxtəlif təşkilatları tərəfindən qadın haqlarının pozulması ilə bağlı dəfələrlə tənqidlərə məruz qalsa da, Tehran hicab məsələsində geri addım atmayıb”.
Politoloq qeyd edib ki, bu açıqlama daha çox daxili ictimai rəyə yönəlmiş ola bilər:
“Son aylarda, xüsusilə prezident Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra bəzi sərt qadağaların yumşaldılması prosesi müşahidə olunur. Təxminən bir ildir ki, bu istiqamətdə dəyişikliklər gedir. Məncə, bu qərar hicabın tam ləğvi anlamına gəlmir, sadəcə olaraq müəyyən yumşalma siyasətinin davamı kimi qiymətləndirilə bilər. Xatırlayırsınızsa, İranın əxlaq polisi hicab qaydalarına nəzarət edirdi. Bu qurumun fəaliyyəti artıq ləğv olunub və bu qərar yeni mərhələnin başlanğıcı kimi təqdim edilir. Amma bu, hicabın tam azad buraxılması demək deyil. İran dövləti dini sütunlar üzərində qurulub və bu sütunlardan biri də hicab məsələsidir. Hicabın tam ləğvi həmin sistemin özülünə zərbə ola bilər. Buna görə də hicab məsələsində tam azadlıq və ya qadağanın ləğvi yaxın perspektivdə gözlənilmir”.
Bəsti Rəfizadə
Sfera.az






