"Ermənistan Azərbaycanın dəmir yolu sisteminə çıxış əldə edəcək" - Mirzoyan

"Avqustun 8-də Ermənistanın baş naziri və Azərbaycan prezidenti Bəyannaməni imzaladılar və həmin Bəyannaməni ABŞ Prezidenti Donald Tramp da şahid qismində imzaladı. Həmin Bəyannamədə liderlər bir sıra çox vacib məsələlərdə razılığa gəldilər".
Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Polşanın “TPV World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, buözlüyündə çox ciddi bir mərhələ idi:
“Həmçinin, bu Bəyannamədə liderlər əlaqə probleminin həll edilməli olduğu əsas fundamental prinsiplər barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturunun, tranzit əlaqələrinin bloklanması və yenidən işə salınması ilə bağlı məsələləri nəzərdə tuturam. Bu prinsiplər isə bunlardır: ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, ölkələrin suverenliyinin tanınması, keçidlər üzərində milli yurisdiksiyaların tanınması, yenidən qurulacaq və yenidən fəaliyyət göstərəcək infrastruktur”.
Nazir jurnalistin “Tramp Marşrutu” ilə bağlı sualını belə cavablandırıb:
“İdeya bundan çox böyükdür. Ermənistan və Azərbaycan öz aralarında nəqliyyat kommunikasiyalarının bağlanması barədə razılığa gəliblər və burada biz bütün infrastrukturdan danışırıq. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə yollara və digər infrastrukturlara çıxış əldə edir.
Biz, məsələn, Avropada və ya başqa yerlərdə normal qonşular kimi bir-birimizin infrastrukturundan istifadə edə bilərik. Bu infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”dur.
Bəs bu TRIPP nədir? Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağa hazırlaşır. Bu konsorsium da öz növbəsində bu və ya digərini həyata keçirmək üçün üçüncü şirkət və ya şirkətləri işə götürə və ya bütün keçid üçün bu və ya digər xidməti göstərə bilər. Həmçinin, bu konsorsium boru kəmərlərini, elektrik kabellərini idarə edə, tikə və sonra istismar edə bilər.
Beləliklə, bütün razılaşmalar qarşılıqlı olacaq. Biz həmçinin, məsələn, Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirəcəyik. İndi dəmir yolu əlaqəsi yoxdur”.
Firuzə Əliyeva
Sfera.az






