İsrailin saxladığı 24 türk vətəndaşla bağlı istintaq başladı

İstanbul Baş Prokurorluğu fələstinlilər üçün humanitar yardım aparan “Sumud” donanmasında iştirak edən 24 Türkiyə vətəndaşının İsrail qüvvələri tərəfindən saxlanılması ilə bağlı istintaq başlatdığını açıqlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, iş beynəlxalq sularda İsrail Hərbi Dəniz Qüvvələrinin donanmaya hücumu və Türkiyə vətəndaşlarının saxlanılmasından sonra açılıb. Araşdırma BMT-nin Dəniz Hüququ Konvensiyası və Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsaslanır.
İsrail tərəfinə qarşı irəli sürülən ittihamlar arasında qanunsuz azadlıqdan məhrum etmə, nəqliyyat vasitələrinin ələ keçirilməsi, soyğunçuluq, əmlaka ziyan vurma və işgəncə yer alır.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsrailin flotiliyaya hücumunu “terror aktı” kimi qiymətləndirərək, BMT və digər beynəlxalq təşkilatları Qəzzanın qanunsuz blokadasının aradan qaldırılması və humanitar yardımın təmin olunması üçün təcili tədbirlər görməyə çağırmışdı.
Qeyd edək ki, ərəb dilində “dəyanət” mənasını verən “Sumud” donanması sentyabrın ortalarında Tunis sahillərindən Qəzzaya yola düşüb. Müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarət missiyada isveçli hüquq müdafiəçisi Qreta Tunberq də iştirak edib. Məqsəd Qəzza blokadasını yarmaq və bölgə əhalisinə yardım çatdırmaq olub.
Türkiyə mətbuatının məlumatına görə, İsrail indiyədək 20-dən çox gəmini və onlarla fəalı saxlayıb. İsrail hakimiyyəti isə Qəzzadakı döyüşləri səbəb göstərərək blokadanın davam etdiriləcəyini bildirib.
Fidan Hacızadə
Sfera.az






