Gürcüstan Prezidenti Mixail Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşündə iki ölkə arasında münasibətləri “təmiz vərəqdən” başlamağı təklif etdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkdakı səfərinin yekunlarını jurnalistlərə şərh edərkən bildirib.
“ABŞ prezidentinə bildirdim ki, münasibətlərimizi sıfırdan başlamağın vaxtı gəlib. O, bu məsələni izləyəcəyini və mütləq bu mövzuya qayıdacağını və mənimlə əlaqə saxlayacağını vəd etdi. Cavabı gözləyəcəyik”,- deyə Kavelaşvili vurğulayıb.
Gürcüstan dövlət başçısı əlavə edib ki, Nyu-Yorkda ABŞ Ticarət Naziri Hovard Latnik ilə də görüş keçirilib.
Qeyd edək ki, bundan əvvəl Kavelaşvili və Gürcüstan Baş naziri İrakli Kobaxidze Trampa açıq məktublar göndərərək münasibətlərin yenidən qurulmasını təklif ediblər.
Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə ölkədə xarici agentlər haqqında qanunun qəbulundan sonra xeyli pisləşib. Ötən il noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük danışıqlarının açılmasının dayandırılmasını açıqlamasından sonra ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı müvəqqəti olaraq dayandırıb.
Gürcüstan hakimiyyəti isə Tramp seçilməzdən əvvəl dəfələrlə ABŞ-da hakimiyyət dəyişəcəyinə və Vaşinqtonla münasibətlərin yenidən qurulacağına ümid etdiklərini bildirirdi.
Niyaz Hacıyev
Sfera.az