“Qurultay işi” təxirə salındı – CHP məmnundur

Cumhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci Qurultayının və 6 aprel 2025-ci ildə baş tutmuş 21-ci Fövqəladə Qurultayının ləğvi tələbi ilə açılan işin 5-ci iclası bu gün keçirildi.
Sfera.az xəbər verir ki, Ankara 42-ci Asliye Mülki Məhkəməsi iclası 24 oktyabr saat 10:00-a təxirə salıb.
CHP rəhbərliyi məhkəmənin qərarını müsbət qiymətləndirərək açıqlama verib:
“Qərar müsbətdir, məhkəmə idarəetmə yolunu seçdi”.
Partiya rəsmiləri bildiriblər ki, 24 oktyabrda məhkəmə prosesi başlamazdan öncə 21 sentyabr fövqəladə qurultay prosesi yekunlaşacaq, yeni rəhbərlik formalaşacaq və iş mövzusuz qalacaq.
Məlumatına görə, noyabr və ya dekabrda keçirilməsi planlaşdırılan növbəti qurultay təqvimi də məhkəmə qərarından təsirlənməyəcək.
Qeyd edək ki, CHP-də son aylarda baş verən qurultay gərginliyi partiya daxilində ciddi siyasi müzakirələrə səbəb olub. Məhkəmənin bu qərarı həm də partiya daxilində sabitliyin qorunması baxımından mühüm addım hesab edilir.
Niyaz Hacıyev
Sfera.az






