Kobaxidze Ukraynanı ittiham etdi - Çevrilişə cəhd göstərə bilərlər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Ukraynadan ölkəyə gətirilən partlayıcı maddələr dövlət çevrilişinə hazırlığın tərkib hissəsi ola bilər.
Sfera.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, müxalifətin zəiflədiyi bir vaxtda istənilən təxribat mümkündür və məsələ ciddi araşdırılmalıdır.
Xatırladaq ki, DTX sentyabrın 10-da Sarpi sərhəd-keçid məntəqəsində Ukrayna nömrəli yük avtomobilində 2,4 kq heksogen partlayıcı aşkarlayıb. Bu işlə bağlı iki Ukrayna vətəndaşı saxlanılıb. Maddənin Ukraynadan Rumıniya, Bolqarıstan və Türkiyə üzərindən Gürcüstana gətirildiyi bildirilir.
Rəsmi məlumata görə, partlayıcıların Tbilisiyə çatdırılması nəzərdə tutulurdu. Lakin saxlanılanlardan biri yüklərin əslində Rusiyaya aparılacağını iddia edib.
Hadisənin oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqəli ola biləcəyi istisna edilmir. Müxalifətin bir hissəsi seçkiləri boykot edir və həmin gün Tbilisidə mitinq keçirməyi planlaşdırır.
Firuzə Əliyeva
Sfera.az






