Türkiyə-Ermənistan dialoqu: Azərbaycan üçün təhlükə varmı?

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın Ermənistana səfər edib. Səfər çərçivəsində Kılıçın əsas məqsədi Ankara və İrəvan arasında dialoqu gücləndirmək, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində irəliləyiş əldə etməkdir.
Bu səfər Azərbcanda da maraqla izlənilir. Səfərin Azərbaycan-Ermənistan münasibətlərinə mümkün təsirləri də diqqət mərkəzindədir.
Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyənin Ermənistanla münasibətləri bərpa etmək təşəbbüsü Azərbaycan üçün ziddiyyət yaratmır.
Çünki Azərbaycan özü də Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır:
"Bu, artıq zəruri bir məsələyə çevrilib. 2020-ci ildən əvvəl Azərbaycan və Ermənistan arasındakı münasibətlər düşmənçilik səviyyəsində idi, Türkiyə ilə Ermənistan münasibətləri də fərqlənmirdi. Həmin dövrdə Ermənistanla hər hansı təmas yox idi.
Bu reallığı yaradan əsas amillər isə Rusiya, İran, Fransa və digər antitürk dövlətləri olmuşdur. Həmin dövlətlərin məqsədi Cənubi Qafqazın strateji önəmini azaltmaq, Azərbaycan və Ermənistanı xarici təsirlərə asılı vəziyyətə salmaq və Türkiyənin regiondakı rolunu zəiflətmək idi".

Politoloq Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini tamamilə doğru və strateji addım hesab edir:
"Cənubi Qafqazın strateji əhəmiyyətini artırmaq üçün bütün nəqliyyat yolları işlək vəziyyətə gətirilməli, beynəlxalq layihələr reallaşdırılmalı və Azərbaycan-Türkiyə həmin layihələrin mərkəzinə çevrilməlidir. Bu əlaqələr həm Azərbaycan-Türkiyə münasibətlərinə zərər verməyəcək, həm də hər iki ölkənin maraqlarını qoruyacaq".
Müsahibimiz əlavə edib ki, eyni zamanda, münasibətlərin yumşaldılmasında diqqət edilməli məqam da var:
"Ermənistan heç vaxt haqqından artıq heç nə almamalıdır. Təzyiq elə qurulmalıdır ki, regionun inkişafına mane olmasın və ermənilərin şovinist ideyalara qayıtmasının qarşısı alınsın".
Niyaz Hacıyev






