Azərbaycanla Ermənistan bu ərazilərlə bağlı razılaşma əldə edə bilər - Politoloq

Azərbaycanla sərhədlərin delimitasiyası prosesi ilə bağlı yeni inkişaflar gözlənilir. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib ki, bu istiqamətdə danışıqlar davam edir və yaxın gələcəkdə bəzi yeniliklərin açıqlanması mümkündür.
Mirzoyan yeni razılaşma dedikdə nəyi nəzərdə tutur?
Politoloq Yeganə Hacıyeva Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ikitərəfli razılaşmanın imzalanmasından sonra münasibətlərin prioritet məsələlərindən ən birincisi hesab olunur:
"Bu, əslində sərhəddə təhlükəsizliyin əsas təminatıdır. Çünki son illərdə Ermənistan tərəfindən məhz delimitasiya və demarkasiya məsələlərinin yekunlaşmaması səbəbindən müxtəlif təxribatlara yol verildiyini görürdük.
O dövrdə Ermənistan dövləti, həmçinin erməni lobbisi beynəlxalq müstəvidə bizim ərazilərdə baş verən hadisələri şərti sərhəddə yaxınlığı səbəbi ilə təhrif edərək, Azərbaycan ordusunun həyata keçirdiyi zəruri təhlükəsizlik tədbirlərini Ermənistanın ərazi bütövlüyünün pozulması kimi təqdim edirdi.
Nəticədə bəzi dövlətlər də bu kampaniyaya qoşularaq bizə qarşı addımlar atmasının şahidi olduq. Buna görə də delimitasiya və demarkasiya hər zaman vacib məsələ olub".

Politoloq, məhz bu prosesə dəstək vermək üçün Ermənistan–Azərbaycan sərhədində Avropa İttifaqının Mülki Missiyası yerləşdirildiyini qeyd edib:
"Lakin necə ki, 30 il ərzində ATƏT-in Minsk Qrupunun cidd faydası olmayıb, eyni halın Avropa İttifaqı Mülki Missiyası ilə də təkrarlanacağı ehtimal edilir".
Müsahibimiz vurğulayıb ki, sərhədlərin delimitasiya və demarkasiyası tərəflər üçün prioritet məsələlərdən biridir:
"İkitərəfli razılaşmadan sonra imzalanmış ən mühüm sənədlərdən biri də Vaşinqton razılaşmasıdır. Razılaşmadakı məsələlərlə paralel münasibətlərin normallaşması istiqamətində atılacaq ilk addımlardan biri delimitasiya və demarkasiya prosesinin inkişafı olacaq. Mümkün yeniliklərə gəldikdə isə, bunlar bir neçə istiqamətdə ola bilər. Məsələn, Naxçıvanın Sədərək rayonu yaxınlığında yerləşən Kərki kəndi və onun ətrafındakı örüş və tarla sahələri ilə bağlı irəliləyişlər gözlənilir. Bundan başqa, bir neçə mübahisəli ərazi ilə bağlı da yeni razılaşmalar əldə edilə bilər".
Niyaz Hacıyev






