Ermənistan “Tramp yolu”na ümidlə baxır - Tezliklə müzakirələr başlayacaq

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, yaxın vaxtlarda Amerika tərəfi ilə “Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır.
Bu mövzu həm də yekun sülh müqaviləsinin anonsu ola bilərmi?
Məsələni Sfera.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün Vaşinqtonda əldə edilən razılaşmaları inkişaf etdirməyə çalışır:
“Vaşinqton razılaşmalarının davamı olaraq müxtəlif nümayəndə heyətlərinin regiona səfərləri təşkil olunur. Hətta Orta Dəhlizin çəkilməsi və inkişaf etdirilməsi ilə bağlı ABŞ-dən Azərbaycana da nümayəndə heyəti gəlib. Bu müzakirələrin əsas istiqamətlərindən biri də "Tramp marşrutu"nun gələcək perspektivləri idi”.

Politoloq qeyd edib ki, hazırda 8 avqust razılaşmaları xüsusi aktuallıq kəsb edir və ABŞ əldə etdiyi bu diplomatik nailiyyətdən müxtəlif istiqamətlərdə faydalanmaq niyyətindədir:
“Ən mühüm seqment şübhəsiz ki, “TRİPP” adlandırılan “Tramp marşrutu”dur. Bu layihə həm iqtisadi, həm də siyasi baxımdan bölgəyə mühüm dividentlər qazandıra bilər. Eyni zamanda sülh müqaviləsinin imzalanması potensialını da artırır. Azərbaycan tərəfi də öz maraqlarını qoruyaraq bu müzakirələrdə iştirak edir. Sülh müqaviləsinin imzalanması yalnız tərəflərin razılaşdırılmış şərtlərə əməl etməsi fonunda mümkün olacaq”. Ekspert hesab edir ki, “Tramp yolu” layihəsi həm regional inteqrasiya, həm də siyasi sabitlik üçün vacib mexanizmə çevrilə bilər. Lakin prosesin yekun nəticəsi tərəflərin iradəsindən və razılaşmaların icra mexanizmlərindən asılı olacaq".
Bəsti Rəfizadə
Sfera.az






