Putin Ermənistanı hədəf alıb: Zərbə vurmaq istəyir...

Ermənistan mediasının məlumatına görə, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yüzlərlə yük maşınını heç bir səbəb olmadan Gürcüstanla sərhəddə saxlayır.
Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük aqroholdinqidir və yük maşınlarının sərhəddə dayandırılması təkcə şirkətə yox, həm də Ermənistanın kənd təsərrüfatı istehsalçılarına və ümumilikdə iqtisadiyyata ciddi ziyan vura biləcəyi iddia olunur.
Əgər bu, uzun müddət davam edərsə, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixrac zənciri dağılacaq. Maraqlıdır, Ermənistan iqtisadiyyatına bu necə təsir göstərəcək? Putin bununla nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, Rusiya sadəcə Ermənistana deyil, MDB-nin digər ölkələrinə də müəyyən dövlərdə bu kimi məhdudiyyətlər tətbiq edib.

Onun sözlərinə görə, faktiki olaraq, həmin ölkələrin Rusiyaya ixracını ya məhdudlaşdırıb, ya da gömrükdə gecikmələr yaradılıb ki, məhsullar xarab olsun.
Ekspert nəzərə çatdırıb ki, Ermənistanın təxminən Rusiyaya olan ixracı 250 milyon dollar yaxındır:
“Bu ixraca meyvə-tərəvəz, yumurta, emal olunmuş meyvə və tərəvəzlər, gül, çiçək daxildir. Bu ixracın Ermənistandan əlavə, Azərbaycan, Orta Asiya və digər MDB ölkələri üçün əhəmiyyəti ondan ibarətdir ki, bu, əsasən əhali tərəfindən edildiyi üçün rayonların iqtisadi inkişafına və pul dövriyyəsinə birbaşa töhfə verir”.
E.Sadıqov qeyd edib ki, Rusiyanın sırf kənd təsərrüfatını hədəf almaqda xüsusi məqsədi var:
“Rusiyanın bu kimi ixracın qarşısını almaqla əsas məqsədi ondan ibarətdir ki, birbaşa rayonların sosial-iqtisadi inkişafına və əhaliyə ciddi zərbə vursun, rifah aşağı düşsün, narazılıq yaransın, insanlar kənd təsərrüfatından uzaqlaşsın, istehsal da aşağı düşsün. Həmçinin, Rusiya sosial gərginliyi artırmaq və əhali tərəfindən hökümətə qarşı təzyiqlərin artmasına nail olmaq istəyir. Bu kimi hadisələr ölkəmizdə də baş verib. Rusiya müəyyən məhsullara limit qoymuşdu, sonrakı illərdə həmin məhsulların satışında xeyli zəiflik əmələ gəlmişdi, hətta bir çox bağlar da məhv edilmişdi”.
Firuzə Əliyeva
Sfera.az






