Putin və Ərdoğan Çində görüşdü

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, görüşdən öncə yüksək səviyyəli Rusiya–Hindistan danışıqları aparılıb. Kreml rəsmilərinin açıqlamasına görə, Putin və Ərdoğan ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq məsələləri də müzakirə edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşdə Ukrayna mövzusu da gündəmdə olacaq:
“Ukrayna, şübhəsiz ki, müzakirə olunacaq. Türkiyənin bu böhranın siyasi və diplomatik həlli istiqamətində mühüm rolu var. Xüsusilə də İstanbulun Moskva ilə Kiyev arasında birbaşa danışıqlar üçün platforma kimi təqdim olunmasını yüksək qiymətləndiririk. Biz buna görə Türkiyə hakimiyyətinə çox minnətdarıq”, – deyə o vurğulayıb.
Uşakov həmçinin qeyd edib ki, Yaxın Şərqdə, Qafqazda və digər regionlarda gərginliklər də gündəmdə olacaq. Bu, Putin və Ərdoğanın cari ildə ilk şəxsi görüşüdür.
Fidan Hacızadə
Sfera.az






