Rusiyanın növbəti hədəfi Gürcüstandır? - "2-3 ilə..."

Rusiyanın növbəti hədəfi Gürcüstandır? - "2-3 ilə..."
Kateqoriya məlum deyil
T

Almaniya kansleri Olaf Şolts bildirib ki, əgər Rusiya Ukraynanı məğlub etsə, ardınca başqa ölkələrə də hücum edə bilər.

 

Maraqlıdır, Almaniya kanslerinin nəzərdə tutduğu mümkün hədəflər arasında Moldova və Gürcüstan da ola bilərmi? 

 

Politoloq Əlimusa İbrahimov bununla bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın qarşısının alınmasında əsas məqsəd Moskvanın bu hücumu genişləndirərək digər ölkələrə yönəlməsinə mane olmaqdır.

 

Onun sözlərinə görə, əslində Avropa İttifaqı ölkələrinin Ukraynanı dəstəkləməsindəki əsas niyyət də Rusiyanın gələcəkdə yalnız Cənubi Qafqaz dövlətlərinə deyil, həm də Avropada yerləşən ölkələrə təhdidlərinin qarşısını almaqdır: 

 


“Bu gün Avropada yaxşı anlayırlar ki, əgər Rusiya Ukrayna müharibəsində qalib gəlsə, bu onun qlobal hegemonluq iddiası yolunda ciddi bir addım olacaq. Moskva 2-3 il ərzində hərbi gücünü bərpa edib yeni ərazilər uğrunda iddialar irəli sürə bilər. Lakin hazırda Almaniya və Fransanı narahat edən əsas məsələ Cənubi Qafqaz deyil, məhz Aİ-yə üzv dövlətlərdir. Çünki Rusiya Ukraynada üstünlük qazansa, digər postsovet respublikalarını özünə tabe etdirmək və ya işğal etmək onun üçün çətin olmayacaq. Xüsusilə Gürcüstan və Moldovanın Rusiyanın növbəti hədəfi olacağı ehtimalı yüksəkdir. Əgər Kreml bütün dünyanın dəstəklədiyi Ukraynanı məğlub etməyə nail olsa, bu, digər qonşu ölkələrin də müqavimətini zəiflədəcək”.

 

Politoloq buna görə də Aİ ölkələrinin qayğısının təkcə Ukrayna ilə məhdudlaşmadığını, əslində onlar özlərini müdafiə etdiklərini qeyd edib:

 

“Ukraynanın uduzmasının qarşısını almaqla Avropa dövlətləri gələcək müharibədən özlərini qorumağa çalışırlar. Məhz ABŞ prezidenti Donald Tramp da dəfələrlə bildirib ki, bu münaqişə Avropanın daha çox marağındadır. O, vurğulayıb ki, Ukraynanın silahlandırılması və hərbi baxımdan gücləndirilməsində əsas yük Aİ ölkələrinin üzərinə düşür, çünki bu onların birbaşa təhlükəsizliyi ilə bağlıdır.

Müharibə göstərdi ki, Avropa Rusiya ilə təkbaşına üz-üzə qaldıqda ciddi çətinlik yaşayır. Elə buna görə də ABŞ-nin dəstəyi olmadan Rusiyanın qarşısını almaq mümkün deyil. Nəticə etibarilə, bu müharibə həm də Aİ ölkələrinin ABŞ-dən daha çox asılı vəziyyətə düşməsinə səbəb olur”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR