"Bu, İranı çətin vəziyyətə salacaq" -ŞƏRH

Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizminin işə salınması prosesinə start verilir.
Onların bildirdiyinə görə, bununla belə Tehranın 30 gün ərzində nüvə proqramı ilə bağlı müəyyən addımlar ataraq sanksiyaların tətbiqinin qarşısını almasına ümid var. Avropa rəsmiləri deyir ki, İran nüvə danışıqlarını bərpa etməlidir. Hazırda İranın iqtisadi vəziyyəti ağırdır.
Avropa da sanksiyalar tətbiq edərsə İranın vəziyyəti necə olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Avropa üçlüyünün – Böyük Britaniya, Almaniya və Fransanın “snapback” mexanizmini işə salmağa hazırlaşması Tehrana nüvə proqramını məhdudlaşdırmaq üçün təxminən 30 günlük qısa bir vaxt verir.

Onun sözlərinə görə, əgər bu müddətdə addımlar atılmasa, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə dayandırılmış sanksiyalar avtomatik olaraq bərpa ediləcək. Bu, yalnız Avropa İttifaqının məhdudiyyətlərindən ibarət deyil, həm də qlobal hüquqi təsirə malikdir və bütün BMT üzvləri üçün öhdəlik yaradır.
Politoloq qeyd edib ki, İran iqtisadiyyatı artıq ABŞ sanksiyalarının təsiri altında böyük çətinliklər yaşayır:
“Avropa ölkələrinin də bu prosesə qoşulması vəziyyəti daha da ağırlaşdıra bilər. İlk növbədə, avro zonası ilə bank və maliyyə əməliyyatları daha da çətinləşəcək, ödəniş kanalları bağlanacaq. Neft və qazın daşınmasında sığorta şirkətlərinin çəkilməsi ilə nəqliyyat xərcləri artacaq, İran daha dərin endirimlərə məcbur qalacaq. Texnologiya və sənaye təchizatı üzrə yeni məhdudiyyətlər isə daxili istehsalda qıtlıq yarada bilər. Bütün bunlar rialın dəyərsizləşməsini sürətləndirəcək, inflyasiyanı artıracaq və dövlət büdcəsində kəsirin böyüməsinə səbəb olacaq”.
O nəzərə çatdırıb ki, Avropanın da sanksiyalara qoşulması İranın iqtisadi vəziyyətini daha ağır duruma salacaq və Tehranın diplomatik seçimlərini məhdudlaşdıracaq.
Firuzə Əliyeva
Sfera.az






