Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək

Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək
Kateqoriya məlum deyil
T

Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya Ukrayna və Rusiya arasında istənilən şərtlər daxilində sülhün əldə olunmasını istəmir. Onun fikrincə, Ukraynanın kapitulyasiyası Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək.

 

Əgər Ukrayna məğlub elan olunarsa və kapitulyasiya olarsa, Rusiyanın hücum edəcəyi növbəti ölkə hansı olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri Rusiyanın təcavüzü ilə bağlı ciddi risklərin mövcud olduğunu bildirib.

 

Onun sözlərinə görə, Almaniya kanslerinin təhlükə barədə açıqlaması da bu reallığı təsdiqləyir: 

 

 

"Çünki Ukraynanın Rusiyanın diktəsi altında müharibəni dayandırması, başqa sözlə, kapitulyasiyası Kremlin iştahını daha da artıracaq. Hazırda Moskva zəif dövrünü yaşasa da, müharibəni təzyiq vasitəsi kimi istifadə edir. Qeyd etmək lazımdır ki, Rusiya heç vaxt atəşkəsə razılıq vermir. Çünki düşünürlər ki, yay hücumları fonunda bu onların əsas təzyiq rıçağıdır”.

 

N.Miri bu səbəbdən arzuladıqları nəticəni əldə etməyənədək döyüşləri dayandırmaq niyyətində olmadıqlarını deyib:

 

"Almaniya rəhbərliyi də vəziyyəti düzgün qiymətləndirir. Onlar anlayır ki, Ukraynanın təslimiyyəti bölgədə müharibəni bitirməyəcək, əksinə, daha böyük təhlükələr doğuracaq. O halda Avropa artıq müharibəni öz sərhədlərində, evinin qapısında qarşılamalı olacaq.


Avropa üçün ən məqsədəuyğun strategiya döyüşləri Ukraynada saxlamaq, Rusiyaya güclü müqavimət göstərmək, onu ağır itkilərlə üz-üzə qoymaq və uzunmüddətli zəiflətməkdir. Düşünürəm ki, doğru yanaşma da budur. Çünki Ukraynanın məğlubiyyəti yalnız onun deyil, bütövlükdə Avropa İttifaqının uduzması deməkdir”. 

 

Şərhçi Rusiyanın potensial hədəflərindən bəhs edərək deyib ki, bunlar Aİ-nin ən zəif halqaları ola bilər:

 

“Yəni Şərqi Avropa ölkələri və Baltikyanı respublikalar Kremlin hücum riskinə daha çox açıqdır. Çünki bu dövlətlər hərbi-siyasi baxımdan nisbətən zəifdir və Moskva hesab edə bilər ki, qısa müddətdə sürətli hücumlarla həmin əraziləri işğal etmək və ya strateji məntəqələri ələ keçirmək mümkündür. Beləliklə, Rusiya Avropaya təzyiq göstərərək öz geosiyasi və iqtisadi maraqlarını təmin edə bilər. Bu gün bu təhlükə tam realdır. Çünki Rusiya və Belarus “hərbi təlimlər” adı altında böyük qoşun birləşmələrini Belarus ərazisinə cəlb etməyə hazırlaşır. Bu proses təlim kimi təqdim olunsa da, əslində konkret hərbi hədəfləri nəzərdə tutur. Heç kim təminat verə bilməz ki, həmin qoşunlar Belarusdan Kiyevə yönəlməyəcək və paytaxtı yenidən ələ keçirməyə cəhd göstərməyəcək”. 

 

Analitik əlavə edib ki, eyni zamanda Belarus ərazisindən Avropa ilə həmsərhəd ölkələrə, yaxud Baltikyanı respublikalardan, məsələn, Estoniyaya qarşı hücum olmayacağına da heç kim zəmanət verə bilməz: 

 


“Artıq Estoniyada da özünümüdafiə üçün ciddi hazırlıqlar aparılır. Paralel olaraq ABŞ və NATO Baltikyanı ölkələrin müdafiəsini gücləndirmək üçün əlavə texnika və hərbi qüvvə yerləşdirir. Yəni təhlükə reallıqdır. Bu səbəbdən Ukraynanın məğlub olmasına yol vermək olmaz. Çünki bu gün Ukraynanı itirən sabah Aİ-nin digər üzvlərini də itirə bilər və müharibə Avropanın içində davam edər. Avropa rəhbərliyi isə bunu qətiyyən istəmir”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR