Tramp Rusiyaya "hücuma" hazırlaşır - AÇIQLAMA

Tramp Rusiyaya "hücuma" hazırlaşır - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bütün cəhdlərə baxmayaraq, ABŞ Rusiyanı münaqişəni dayandırmağa razı sala bilmir. Bununla belə, Vaşinqton Moskva ilə bağlı sanksiyaları da genişləndirmir.

 

ABŞ Rusiyaya qarşı niyə daha sərt sanksiyalar tətbiq etməkdən çəkinir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Tramp administrasiyasının Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş siyasətində bir sıra səhvlər müşayiət olunduğunu deyib. 

 

 

O, Trampın əsas yanlışlarından biri kimi Rusiyanı sülhə razı sala biləcəyinə ümidli olmasını göstərib. Politoloq hazırda rəsmi Vaşinqtonun Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiqini müzakirə etdiyini əlavə edib:

 

"Kreml dəfələrlə göstərib ki, “sülh” dedikdə əsasən Ukraynanın, eləcə də ABŞ və NATO ölkələrinin kapitulyasiyasını nəzərdə tutur. Moskva kompromisə getmək niyyətində deyil və yalnız Rusiyanın diktə etdiyi şərtlərin qəbul olunacağı halda münaqişəni dayandırmağa hazırdır. Bu isə Kreml rəhbərliyinin neoimperialist düşüncəsinin nəticəsidir. Alyaska görüşünün nəticələri Moskva üçün müəyyən üstünlüklər qazandırdı və Putinin qarşılanma tərzi, Trampın ona münasibəti Kremlin neoimperialist iştahını daha da artırdı. Nəticədə Rusiya daha sərt və aqressiv mövqe sərgiləyərək yeni qənimətlər əldə etməyə can atdı. Lakin bu, Moskvanın da strateji səhvi idi. Artıq Tramp administrasiyası əvvəlki yanaşmanın yanlış olduğunu dərk etməyə başlayıb və Rusiya ilə bağlı daha prinsipial addımlar atmaq niyyətindədir.

Tramp Moskva üçün iki həftəlik vaxt müəyyən edib: əgər bu müddət ərzində Kreml sülh və ya atəşkəs barədə razılığa gəlməzsə, ABŞ Avropa İttifaqı ilə birgə sərt iqtisadi cəza tədbirləri tətbiq edəcək. Digər tərəfdən, Ukraynaya hərbi yardım da gündəmdədir. Çünki Aİ artıq ABŞ-dən yüz milyard dollarlıq silah alaraq Kiyevə vermək niyyətini açıqlayıb. Bu isə Tramp administrasiyası üçün həm siyasi, həm də iqtisadi cəhətdən sərfəli variantdır: maliyyə itkisi olmadan gəlir əldə ediləcək və silah şirkətləri üçün geniş bazar açılacaq”.

 

E.Xalidbəylinin sözlərinə görə, Tramp artıq Putinin onu ikinci dəfə aldatdığı qənaətinə gəlib. 

 

O qeyd edib ki, Alyaska görüşündən sonra Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi Ağ Evdə ciddi narazılıq yaradıb:

 

“Buna görə də növbəti mərhələdə Rusiyaya qarşı sərt sanksiyalar və Ukraynaya hərbi dəstəyin artırılması ehtimal olunur. Yaxın iki həftə ərzində vəziyyətin necə formalaşacağı daha aydın görünəcək. Kreml də bu prosesdən narahatdır. Prezident Putinin nüvə silahlarının hazırlanmasında iştirak edən alimlər, hərbçilər və mütəxəssislərlə qapalı görüş keçirməsi əslində ABŞ-yə verilən mesaj kimi qiymətləndirilir”. 

 

Moskva sonuncu “nüvə kartını” yenidən gündəmə gətirərək Qərbi xəbərdar edir: əgər Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunar və Ukraynaya hərbi yardım gücləndirilərsə, Kreml nüvə qarşıdurmasını nəzərdən keçirə bilər.

 

Analitik bununla belə, bu addımın real nəticə verəcəyi inandırıcı görünmədiyini vurğulayıb:

 

“Dmitri Medvedevin ABŞ-ni nüvə müharibəsi ilə hədələməsinə cavab olaraq, Tramp iki nüvə sualtı qayığını zərbə endirə biləcək regionlara göndərdiyini açıqlayıb. Bu, Vaşinqtonun Moskvanın nüvə ritorikasına adekvat cavab verməyə hazır olduğunu göstərdi və müəyyən mənada Rusiyanın bu cəhdini blokladı.
Beləliklə, Rusiya və Ukrayna müharibəsinin gələcək taleyi yaxın iki həftə ərzində böyük ölçüdə aydınlaşacaq”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR