Paşinyan Azərbaycan torpaqlarını geri qaytarır – Seçki ərəfəsində "cəsarətli" qərar

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın bu ölkə ərazisində yerləşən anklav kəndlərini – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini Azərbaycana təhvil verməyə hazırlaşması barədə yayılan xəbərlər Ermənistanda müzakirələrə səbəb olub.
Politoloq Əlimusa İbrahimov məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Paşinyan artıq bir neçə çıxışında bu kəndlərin Azərbaycana qaytarılacağını vurğulayıb:
“Ermənistan uzun illərdir Azərbaycana məxsus torpaqları zorla saxlayır. İndi isə Paşinyan açıq şəkildə bəyan edir ki, həmin torpaqlar geri veriləcək. Bunun müqabilində isə iddia olunur ki, Azərbaycan ərazisində də Ermənistana aid kəndlər var və onlar da qaytarılacaq. Paşinyan sərhədlərin delimitasiya və demarkasiya yolu ilə “sıfırlanmasını” təklif edir. Yəni nə Azərbaycanda Ermənistan torpaqları, nə də Ermənistanda Azərbaycan torpaqları qalmalıdır”.

Ekspertin sözlərinə görə, bu məsələ Ermənistanda müəyyən müxalif qüvvələr tərəfindən Paşinyana qarşı təzyiq vasitəsinə çevrilə bilər. Lakin İbrahimov hesab edir ki, Paşinyan artıq ictimai rəyə ciddi təsir edib:
“Paşinyan bu mövzuda uzun müddətdir təbliğat aparır. O, Ermənistan cəmiyyətinə bu torpaqların Azərbaycana məxsus olduğunu qəbul etdirə bilib. Buna görə də, düşünmürəm ki, anklavların qaytarılması Paşinyan üçün ciddi problem yaratsın. Müxalifət bu məsələdən istifadə etməyə çalışacaq, amma xalqın əksəriyyəti artıq bunun qaçılmaz olduğunu anlayır”.
Politoloq əlavə edib ki, Paşinyan bu addımı yaxın vaxtlarda deyil, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra atmağa çalışacaq.
Bəsti Rəfizadə
Sfera.az






