"Ermənistan və İran arasındakı əməkdaşlıq yeni imkanlar açacaq" - Paşinyan

“ABŞ-də imzalanan sənədlər Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün praktiki olaraq yeni imkanlar açacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və nəticədə Qara dənizə dəmir yolu çıxışı deməkdir”.
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianla görüşündən sonra deyib.
Paşinyanın sözlərinə görə, yuxarıda deyilənlər Ermənistanın “Sülh yollarının kəsişməsi” layihəsinə tam uyğundur. O, avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannamənin, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılmasına dair paraflanmış sazişin təfərrüatlarını İran prezidentinə təqdim etdiyini bildirib.
Ermənistanın baş nazirinin sözlərinə görə, bu proses bütün regionun iqtisadi inkişafı üçün böyük perspektivlər açmağa yönəlib.
"Mən İran prezidentinə bu sazişlərə obyektiv qiymət verdiyinə görə xoşbəxtəm və minnətdaram. Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə kommunikasiyaların açılmasına aiddir", - Paşinyan qeyd edib.
Firuzə Əliyeva
Sfera.az






