İranda enerji böhranı: Bir çox vilayətdə dövlət idarələri bağlandı

İranda davam edən güclü istilər səbəbindən artan enerji sərfiyyatını azaltmaq məqsədilə avqustun 23-də paytaxt Tehran da daxil olmaqla 13 vilayətdə dövlət idarələrinin fəaliyyəti dayandırılacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumata görə, tətil ediləcək vilayətlər arasında Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da var. Digər vilayətlərdə isə iş saatları 06:00-dan 11:00-a qədər məhdudlaşdırılıb.
Qərarın, artan elektrik tələbatını azaltmaq və ölkənin enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi açıqlanıb.
İran Meteorologiya Təşkilatının məlumatına görə, Xuzistan və İlam kimi bölgələrdə temperatur 45 dərəcəni ötüb, paytaxt Tehranda isə 40 dərəcəyə yaxınlaşıb.
Rəsmilər vətəndaşlara zərurət olmadıqca çölə çıxmamağı, günəş şüalarından qorunmağı və elektrik istehlakını minimum səviyyədə saxlamağı tövsiyə ediblər.
Son həftələrdə Tehranın müxtəlif bölgələrində enerji sərfiyyatını azaltmaq üçün gündəlik 2 saatlıq elektrik kəsintiləri tətbiq olunur.
Bəsti Rəfizadə
Sfera.az






