Süni intellekt və rəqəmsal transformasiyada strateji əməkdaşlığın yeni dövrü

Süni intellekt və rəqəmsal transformasiyada strateji əməkdaşlığın yeni dövrü
Kateqoriya məlum deyil13.08.25, 10:082 👁️
T

Son illərdə dünya miqyasında süni intellekt (Sİ) və rəqəmsal transformasiya prosesləri sürətlə genişlənir, bu isə təhsil, iqtisadiyyat və texnologiya sahələrində yeni mərhələnin əsasını qoyur. Ölkəmiz də bu qlobal tendensiyadan kənarda qalmayaraq, Sİ texnologiyalarının inkişafına və tətbiqinə böyük önəm verir. 2024-cü ildə qəbul edilən Milli Süni İntellekt Strategiyası, ölkəmizin rəqəmsal iqtisadiyyatının formalaşmasında və yeni texnoloji imkanların istifadəsində mühüm istiqamətverici sənəd rolunu oynayır.

 

Hal-hazırda bu strateji yanaşma ölkə rəhbərliyi tərəfindən beynəlxalq əməkdaşlıqda davam etdirilməkdədir. Cənab president İlham Əliyevin Şuşa Qlobal Media Forumunda süni intellektin cəmiyyətə təsiri, etik standartlar və media mühitində rolu kimi məsələlərə önəm verməsi və müzakirəsi onu göstərdi ki, Azərbaycan qlobal texnoloji dialoqun fəal iştirakçısına çevrilməkdədir.

 

Eyni zamanda, Azərbaycan və ABŞ süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlığı yeni strateji mərhələyə daşıyır. Vaşinqton görüşündə Cənab president İlham Əliyev və ABŞ prezidenti Cənab Donald Tramp arasında imzalanan Azərbaycan ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji işçi qrupunun yaradılması haqqında Anlaşma Memorandumu, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da dərinləşdirir və gələcək əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.

 

Əməkdaşlıq istiqamətləri ənənəvi sahələrlə enerji təhlükəsizliyi, ticarət, tranzit və regional bağlantılar, müdafiə və təhlükəsizlik məsələri ilə yanaşı, artıq süni intellekt, rəqəmsal transformasiya və yeni texnologiyalar kimi strateji əhəmiyyətli sahələri də əhatə edir. Bu gələcəkdə innovativ layihələrin reallaşmasına, rəqəmsal iqtisadiyyatın inkişafına, texnologiya və bilik mübadiləsinə, həmçinin kadr potensialının artırılmasına geniş imkanlar açır.

 

Xüsusilə təhsil və peşə təhsilində bu əməkdaşlıq, rəqəmsal bacarıqların artırılması, Sİ əsaslı təlim proqramlarının hazırlanması və texnoloji infrastrukturun gücləndirilməsi baxımından mühüm strateji perspektivlər vəd edir. Bu həmçinin ABŞ-ın qabaqcıl universitetləri və texnoloji şirkətləri ilə Azərbaycan təhsil müəssisələri arasında mümkün ortaq layihələr, startap ekosisteminin inkişafı, təhsil və peşə təhsili proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması və Sİ texnologiyalarının tətbiqi sahələrində tərəfdaşlığa zəmin yarada bilər.

 

Beləliklə, ölkəmiz üçün süni intellekt yalnız texnoloji inkişaf vasitəsi deyil, həm də insan kapitalının gücləndirilməsi, təhsilin modernləşdirilməsi və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün əsas strateji alətdir.

 

Əzizağa Atakişiyev,

Göyçay İnkişaf Mərkəzinin sədri
 

PAYLAŞ
Sehliyali
Yüklənir...