İtaliyada qadını öldürənlər ömürlük cəza alacaq

İtaliyada qadını öldürənlər ömürlük cəza alacaq

İtaliya Senatı qadınları cinsiyyətinə görə qətlə yetirən şəxslərə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, İtaliya Senatı qadınların cinsiyyətinə görə öldürülməsinə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib. 

 


Sənəd femisid – qadınların cinsinə görə nifrət, diskriminasiya və ya hüquqlarını məhdudlaşdırmaq məqsədilə qətlə yetirilməsini müstəqil cinayət kateqoriyası kimi tanıyır.

 

Qəbul edilən qanun layihəsinə əsasən, qadınları cinsiyyətinə görə qətlə yetirən şəxslər şərtsiz ömürlük həbs cəzası alacaq. Qanun layihəsi Senatda keçirilən səsvermədə 161 səslə təsdiqlənib və əleyhinə heç bir səs verilməyib. Layihənin növbəti mərhələdə İtaliya Deputatlar Palatasında müzakirəyə çıxarılması planlaşdırılır.

 

Yeni qanun yalnız femisidlə məhdudlaşmır. Həmçinin stalkinq, seksual zorakılıq, məcburi nikah və “revenge porn” (intiqam məqsədilə intim görüntülərin yayılması) kimi zorakı cinayətlərə görə cəzanın artırılmasını da nəzərdə tutur. Bu cinayətlərə görə cəzalar ən azı 33 fauz, bəzi hallarda isə 66 faiz artırılacaq.

 

Qanun layihəsi qadın hüquqlarını qorumaq və gender əsaslı zorakılığa qarşı daha sərt mübarizə aparmaq məqsədilə hazırlanıb. Layihənin müəllifləri bildirirlər ki, bu hüquqi dəyişikliklər İtaliyanın İstanbul Konvensiyası və Avropa İttifaqının 1385/2024 saylı direktivi çərçivəsində götürdüyü öhdəliklərə cavab verir.

 

Qeyd edək ki, son illər İtaliyada qadınlara qarşı zorakılıq halları artmaqdadır. Təkcə bu ilin əvvəlindən bəri ölkədə 100-dən çox qadının həyat yoldaşı və ya sabiq partnyoru tərəfindən öldürüldüyü bildirilir. Yeni qanunun bu halların qarşısını almaqda mühüm rol oynayacağı gözlənilir.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR