Səfirliyə hücumun arxasında KİMLƏR DAYANIB?: “İstisna deyil ki..” - ŞƏRH

Səfirliyə hücumun arxasında KİMLƏR DAYANIB?: “İstisna deyil ki..” - ŞƏRH

“Azərbaycanın İrandakı səfirliyinə hücumu beynəlxalq hüquq pozuntusudur”.

 

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

O qeyd edib ki, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır:

 

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır”.

 

Millət vəkili qeyd edib ki, İrandakı səfirliyimizə hücumun gerçəkləşdirilməsi Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəlmiş uğursuz təxribat cəhdinin davamıdır: “Hesab edirəm ki, İran tərəfi səfirliyimizə çirkin hücumu pisləyən bəyanatla kifayətlənməyib ən qısa zamanda qəti addımlar atmalıdır. Hər kəs - həm vətəndaşlarımız, həm də hadisənin arxasında dayananlar bilsin ki, belə cılız aktlarla Azərbaycanın güclənməsinin qarşısını almaq, bizi haqq yolumuzdan döndərmək mümkün deyil”.

 

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmiləri, diplomatları, generalları, din xadimləri, deputatları və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir:

 

“İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir”.

 

Ekspert qeyd edib ki, Tehrandan qatil və ya qatillərin arxasındakı sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır: “Qırmızı çizgiləri aşan İran oldu”. Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR