Pensiyalarda artım necə olacaq? – Millət vəkilindən İZAH

Pensiyalarda artım necə olacaq? – Millət vəkilindən İZAH

Yanvar ayında pensiyalar artımlarla veriləcək. Bu il pensiyalarda artım həm indeksasiya, həm də əlavələr hesabına baş verəcək. 


Bəs ümumi artım necə hesablanacaq?


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov pensiyalardakı artım qaydasını açıqlayıb. 


V.Bayramov bildirib ki, yanvar ayında ödəniləcək artımlar ötən il pensiyaçılara verilən illik 200 manat yardımdan ibarət olacaq. Məsələn, 400 manat pensiya alan şəxsə 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu, aylıq 16,7 manat deməkdir.

 

Millət vəkili dedi ki, “Əmək Məcəlləsinə” edilən son dəyişikliklərə əsasən, yardımlar da pensiyaya əlavə olunaraq indeksasiya olunacaq. O bildirdi  ki, qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq həmin yardımlar yanvar ayından pensiyaya əlavə olunur və artımdan sonrakı məbləğ indeksasiya edilir:

 

“Bu halda 400 manat pensiya alan vətəndaşımıza yanvar ayında 416,7 manat ödəniləcək. Amma bu indeksasiya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir.


İkinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq. 


Ötən il pensiyası 400 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq:

 

416,7 manat x 15 faiz = 62 manat.

 

Qeyd edim ki, 15 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə 400 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği 478,7 manat olacaq. 


Birinci artım indi verilsə də, 2022-ci ildə orta aylıq əməkhaqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR