“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ
"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”  
 
Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Uzun illər idman sahəsində çalışan biri kimi siyasətə keçid çətinlik yaratmadı? Siyasət meydanı, yoxsa döyüş meydanı Vüqar İskəndərov üçün daha çətin və məsuliyyətlidir?

- Əvvəla onu qeyd edim ki, idmanla uşaqlıqdan məşğul olmuşam və bu sahəyə həvəsim böyük olub. Ona görə də Şərq döyüş sənəti ilə yaxından tanış olmaq üçün təlimlərə başladım. Döyüş sənətində belədir ki, burada müəyyən taktikalar var və sən açıq döyüşürsən. Lakin siyasət meydanında sağ göstərib sol vura bilirsən, haradan zərbə alacağın da dəqiq deyil. Əslinə qalsa, mən bunu doğru saymıram. Çünki biz cənab Prezidentin timsalında dünyaya göstərmişik ki, sözümüzlə əməlimiz eynidir. Ona görə bu balans siyasətdə də qorunsa, yaxşı olar. Bəzən nə qədər ləyaqətli çalışsan da, bir qrup insan sənin onların görmək istədiyi kimi olmağını arzulayır. Lakin onu da deyim ki, düz olmağın, doğru söyləməyin çətinlikləri var. Bu səbəblə siyasət aləmindəki döyüş çətindir. YAP-dan seçilən bir deputat kimi elə olmalıyam ki, bütün düzgün kriteriyalara uyğun gəlim.
 
 

- Deputat olmağa maraq necə yarandı? Seçiləcəyinizə tam əmin idinizmi?

- Mən idmanla məşğul olduğum vaxtlarda hamı idman təhsili almamağımın səbəbini soruşurdu. Yəni mən hüquq və siyasət üzrə təhsil almışdım. Lakin idmanla məşğul olduğum vaxtda gözümün biri idman xəbərində olanda, digəri siyasət xəbərinə köklənirdi. 80-90-cı illərdən siyasi proseslərin içərisində olub bütün fiqurları izləmişəm. Kimlər hansı partiyanı yaradıb, kimin ətrafında toplaşıbsa, yaxşı bilirdim. Zamanla gördüm ki, siyasət sevgisi mənim qəlbimdədir. Artıq bir müddət sonra YAP-a üzv oldum və hiss etdim ki, istədiyim yerdəyəm. Heç bir iş üçün özünü məcbur etməməli, rahat olduğun yerdə qərarlaşmalısan. Buna görə uzun illər millət vəkili kimi özümü sınamaq istəyirdim. Lakin müəyyən bir partiyada təmsil olunduğum üçün partiyanın rəyi önəmli idi. Zamanla növbəm çatdı və gördülər ki, təmsilçi ola bilərəm. Seçkilər günü dəhşətli soyuq, boran olsa da, Şəki camaatı səsvermədə aktiv oldu. Düşünürəm ki, respublikada ən yaxşı səsvermə bizim dairədə təşkil edildi. Seçilməyimdə isə partiyamıza və onun sədri Prezident İlham Əliyevə xalqın inamının tam olmağının rolu danılmazdır. 

- Vüqar müəllim, açığı sizinlə bağlı məlumatlara diqqət yetirərkən bir məqam məndə maraq doğurdu. Vüqar İskəndərov, Yapon oğlu... 

- Atamın adı Yapondur, düzdür. Lakin biz təmiz oğuz türklərindən hesab olunuruq. Mənim atamın iş yoldaşlaı var, adları Yəmən, Yunandır və hətta bir iş yoldaşının adı isə Kitay idi. Açığı bunun səbəbini bilmirəm, lakin biz tərəflərdə uşaqlara ölkə adları çox qoyulurdu. Atamın da adını bibisi qoyub. Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı, çünki uşaqlar arasında Yapon adı gülüş doğururdu. Bir dəfə bu ad məsələsinə görə Yaponiyada çempionatla bağlı oteldə qeydiyyatdan keçmək istəyəndə bir xanım sənədimə və mənə dəqiqələrcə baxdı, duruxdu qaldı. Düşünürəm ki, atamın adının həyatımda məntiqi bir rolu da var və yapon döyüş sənətinə, idmana marağımda da ad müəyyən rol oynayıb. (Gülür)

"Jurnalistin, ictimai fəalın həyatında baş verən bütün hadisələri siyasiləşdirmək, iqtidara bağlamaq olmaz”

- Son vaxtlar ard-arda Bəxtiyar Hacıyev də daxil olmaqla, ictimai şəxslərə fiziki zorakılıqla bağlı hadisələrə şahidlik etmiş olduq. Hətta jurnalist Aytən Məmmədovaya bıçaqla ölüm hədəsi də edildi. Necə düşünürsünüz, bu halların baş verməsi nədən qaynaqlanır? 

- Bir jurnalistin, fəalın həyatında nə baş verirsə, cəmiyyət onu siyasiləşdirməyə çalışır. Lakin gəlin baxaq, bir çilingərin də həyatında belə hadisə ola bilərdi. O zaman biz onu siyasiləşdirəcəkdikmi? Lakin heç kim bir insanı təhdid edə, şiddət göstərə bilməz. Azərbaycan hüquqi dövlətdir və hadisələr hüquqi çərçivədə tənzimlənməlidir. Cəmiyyət qanunlarla tənzimlənir və qanunlar ölkəmizdə işləyir.  Təhdid edən tərəf, yaxud sifarişçi xarici qüvvələr də ola bilər. Gərək istintaq bu məsələni araşdırıb, doğru nəticəni ortaya çıxarsın. Bundan sonra konkret fikir söyləmək olar. 
 


"Zelenskinin səhvini gəncliyinə vermək lazımdır...”

- Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyənin rusiyalı turistləri qəbul etməməsi ilə bağlı fikirləri geniş müzakirələrə yol açdı və müxtəlif formalarda bu açıqlama qınaq obyektinə çevrildi. Türkiyənin Ukraynaya münasibətində bu təzadlı açıqlamanı necə dəyərləndirirsiniz?

- Zelenskinin Ərdoğan çapında müqayisə olunması düzgün deyil. Zelenski hələ gəncdir, mən onu aktyor kimi yüksək dəyərləndirirəm, istedadlıdır. Bu gün isə o, Prezident kimi qətiyyətini göstərir. Lakin Zelenski düşünməməlidir ki, onun fikri ilə Türkiyə maraqlarını müəyyənləşdirəcək. Necə deyərlər, Zelenskinin səhvini gəncliyinə vermək lazımdır. Turist məsələsini siyasətə qatmaq olmaz. Bu gün Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər ölkənin fərqli münasibəti var. Biz Ukraynanı başa düşürük, əlimizdən gələn yardımı da göstərməyə çalışırıq. Lakin bizim Rusiya ilə də dostluq münasibətimiz, müttəfiqlik müqaviləmiz var. Biz kiminsə xətrinə kimləsə düşmən ola bilmərik, milli maraqlarımız daha üstündür. Bu anlamda da Türkiyənin öz siyasəti, mövqeyi var və işlərini bu məcrada yönləndirir. 

- Rusiya-Ukrayna müharibəsindən söz düşmüşkən, artıq 9 may tarixində müharibənin sonlanacağı ilə bağlı səsləndirilən fikirlər də tarixə qovuşdu. Sizcə, müharibənin yekunlaşması yaxın görünürmü? 

- Əslində müharibənin tezliklə bitməsi çox yaxşı olardı. Lakin müharibə indi qlobal miqyas alıb və bir çox qlobal oyunçular üçün Ukrayna bir meydana çevrilib. Hərə öz maraqlarına uyğun daha çox nə isə qopartmağa çalışır. Təəssüf ki, bu proseslərdə zərər görən, dağıdılan bir ölkə - Ukrayna var. Bu ölkə gözümüzün önündə dağıdılır, müasir dövrdə belə hadisələrə şahidlik edirik. Bu gün bu səbəblə müharibənin sonluğunu söyləmək çox çətindir... 

- Ukraynada yaşayan azərbaycanlılarla əlaqəniz varmı? Sizə müraciətlər daxil olur?

- Mən bir müddət Ukraynada yaşamışam, orada qohumlarım, dostlarım çoxdur. Onlarla danışanda hər birində hüzn, kədər hiss edirəm. Onlardan bəziləri ailələrini artıq Azərbaycana yollayıb, özləri isə ölkəni tərk etməyiblər. Elə dostlarımız var ki, dəstəyə ehtiyacı olan azərbaycanlılara, uşaqlara, yaşlılara köməklik edirlər. Orada yaşayan soydaşlarımız əsl Ukrayna vətəndaşı kimi mövqe göstərirlər. Tez-tez onlarla əlaqə saxlayıb, vəziyyətlərini öyrənirəm.
 

 
"Ona bir dəfə zəng vurdum, sonradan zəngimi açmadı...”

- Şəkinin eks deputatı Yaqub Mahmudovla necə, əlaqəniz varmı?

- Xeyr, onunla əlaqəmiz yoxdur. Yaqub Mahmudov dəyərli insandır, hörmətli akademikdir. O, tarixçi olaraq Azərbaycan tarixinə bir imza qoyub. Mən seçkilərdən sonra onunla bir dəfə danışmışam. Sonra hansısa bayramda ona yığsam da, zəngimə cavab verməmişdi. Ondan sonra isə ümumiyyətlə ünsiyyətimiz olmadı. Aramızda isə heç bir problem yaşanmayıb. 

- Partiyada təmsil olunan digər partiya nümayəndələri ilə münasibətləriniz necədir?

- Çox yaxşı... Biz həmkarıq, bəzən çay içmək üçün hardasa oturanda siyasi mövqelərimiz fərqli olduğu üçün mübahisə etdiyimiz də olur. Lakin bu, heç vaxt həddini keçmir. Bizim siyasi mövqeyimiz fərqlidir. Bunun isə şəxsi münasibətlərə aidiyyatı yoxdur. Hamı eyni cür düşünə bilməz. Siyasi mövqeyi mənimlə tamamilə uyğun olan, lakin vicdansız insanla da yola gedə bilmərəm, o mənim dostum ola bilməz. Biz eyni partiyada ola bilərik, lakin yaxınlıq yaranmaya bilər. İnsanda vicdanın olması önəmli amildir. Düşünürəm ki, müxtəlif partiya nümayəndələri arasında rəqabət, müzakirə ola bilər, amma təhqir olmamalıdır. Mənim dövlətə müxalif olanlara münasibətim kəskindir. Onların işi iqtidarla yox, dövlətlədir. 

"AXCP və Müsavat dövlətə müxalifdir, iqtidara yox...”

- Dövlətə müxalif partiya dedikdə hansıları nəzərdə tutdunuz?

- AXCP və Müsavat partiyalarını nəzərdə tuturam. Onlar dövlətə qarşı çıxırlar, hakimiyyətə yox. Ona görə ki, onlar zəfərimiz dövründə bütün partiyalardan fərqli olaraq bəyanat vermədilər. Belə məqamda müxalifətçilik olarmı? Demək ki, məqsəd ayrıdır. Nə qədər ağa qara demək olar? Cəmiyyət doğruları görür və qiymətləndirir. 

- Bəs, hansı partiyanı "ana müxalifət” olaraq düşünürsünüz?

- Sabir Rüstəmxanlını, Vətəndaş Həmrəyliyi Partiyasını. Bu partiya xəttində daha çox deputat var və ana müxalifət də məhz həmin partiya sayılır.
 


- Küsülü olduğunuz həmkarınız varmı?

- Xeyr. Məncə, küsmək qadına xas əlamətdir. Xüsusilə də bu, gənc qadınlara aid olur. Mən isə heç kimlə küsülü deyiləm, həmkarlarımla münasibətim yaxşıdır. Ümumiyyətlə, qeyd edim ki, Sahibə Qafarova parlamentdə elə bir mühit yaradıb ki, biz öz fikirlərimizi söyləməkdə çox rahatıq. Milli Məclisdə əlçatanlıq çoxdur. İndi müasir dövrdür sosial şəbəkələr üzərindən də müxtəlif qruplarda müzakirələrimiz olur və fikir müxtəlifliyi olanda da məsələləri normal yoluna qoyuruq.

 "Ərdoğana alternativ yoxdur, Ermənistanla sülh isə...”

-Vüqar bəy, 2023-cü ildə Türkiyədə Prezident seçkiləri keçiriləcək. Ərdoğanın seçkiləri qazanma ehtimalı nə qədərdir?

- Mən hələ üç ay qabaq siyasi durumları analiz edib Emmanuel Makronun yenidən Fransada Prezident olacağını demişdim. Bu gün də Türkiyə ilə bağlı proqnozum odur ki, hazırda Ərdoğana alternativ namizəd yoxdur. Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Ərdoğan dünyanın ən xarizmatik, qətiyyətli liderlərindən hesab olunur. Bu gün Türkiyə modeli xeyli inkişaf edib. Ona görə türk xalqının əksəriyyətinin Ərdoğana səs verəcəyini düşünürəm. İstənilən halda seçki asan olmayacaq, proses gərgin keçəcək.
 


- Məlum olduğu kimi, Azərbaycan 5 bənddən ibarət sülh sənədini Ermənistana təhvil verdi və erməni tərəfi də buna cavab olaraq 6 bəndlik sənəd irəli sürdü. Bu şərtlərlə yaxın zamanlarda yekun sülh gözlənilirmi?

- Çox təəssüf ki, biz belə bir toplumla qonşuyuq. Onların 6 bənddən ibarət təqdim etdiyi sənəd bizim təkliflərimizə cavabdır. Onlar görür ki, 5 bənd bizim qədər onlara da uyğundur. 6 bəndlik cavab isə absurddur. Yekun sülhün imzalanması isə qısamüddətli məsələ deyil, bunun arxasında uzun proseslər dayanır. Lakin bizim illərlə Ermənistanı gözləmək fikrimiz, onların nazı ilə oynamaq kimi güzəştimiz yoxdur. Əsas odur ki, biz qalib ölkəyik və proseslər bizim istədiyimiz qaydada olacaq. Zaman Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyev də bildirdi ki, Xankəndidən, Qarabağdan müsbət siqnallar  alınır. Bu özlüyündə mühüm açıqlamadır.

- Son olaraq, yay tətilinə az qalıb, harada istirahət etməyi düşünürsünüz?
 
- Elə alındı ki, biz deputat seçildikdən sonra pandemiya başladı, maraqlı hadisələr yaşandı və ölkədən heç yerə çıxa bilmədik. İmkan yaranarsa, bir həftə də olsa, ailə ilə birgə ölkədən çıxıb istirahət etmək istərdim. Lakin doğulduğum Şəki rayonuna da üz tutub, orada da dincələcəm. 
 

 


Əzizə Zeynal 
Sfera.az










 


OXŞAR XƏBƏRLƏR