“Stress bizim inkişafımızı da təmin edə bilər” – Psixoloqdan AÇIQLAMA
Media
16:40 / 16.05.2022
3164
"Stress normal miqdarda olduqda bizim inkişafımızı təmin edir”.
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Əli Xəlilov bildirib. Mütəxəssis stressdən qorunmağın yolları barədə danışıb:
"Aşırı stress bütün fəaliyyətlərimizə mane olur. Stressə düşmək üçün ilkin növbədə psixoloji təzyiq yaranır. Stress eyni zamanda fiziolji olaraq bizə təsir edir və bədənimizdə dəyişikliklər olur. Belə ki, nəfəs daralır, ürək döyüntüləri artır və əzələlərdə gərginlik hiss edirik. Stress yaşayarkən düşünmək lazımdır ki, bunun bir sonu olacaq. Bundan başqa stress zamanı insan tez-tez nəfəs alır və ürək döyüntüləri artır. Belə olanda dərindən, aramla nəfəs almaq lazımdır. Yaranmış situasiyada sırf ona istiqamətlənmək olmaz.
Bundan başqa belə situasiyalarda hər insan sevdiyi klassik musiqiyə qulaq asa bilər. Tədqiqatlar göstərir ki, ürək xəstəliyi olan şəxlər 20-30 dəqiqə gün ərzində belə musiqilərə qulaq asanda bu, ona yaxşı təsir edir. Bundan başqa təbiət qoynunda zaman keçirmək, gülmək, təmiz hava almaq da insana müsbət təsir ed’ bilər. Eyni zamanda idmanla məşğul olmaq stressi azaldır”.
Ekspert davamlı stressin səbəbinin olduğunu və bu səbəbin tapılmasında psixoloji yardımın göstərilməsinin gərəkliliyini də bildirib:
"Yuxu rejiminin pozulması insan stressini çoxaldır. Yaxşı olar ki, insanlar həftəlik olaraq meditasiya ilə məşğul olsun. Stress halı tez-tez yaranırsa, komediya janrında olan filmlərə baxmaqla da bunu azalda bilərlər. Ev heyvanları ilə zaman keçirmək, onlara toxunmaq da stress yükünü azaldır. Son olaraq isə demək istərdim ki, stressli vəziyyət davamlıdırsa, psixoloji yardım almaq lazımdır”.
Əzizə Zeynal
Sfera.az