Havalar isinmir: hansı sahələr risk altındadır? – “Taxıl üçün müsbət haldır, lakin…”
Media
13:10 / 11.05.2022
2078
Son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava, güclü külək və yağış may ayı üçün xarakterik hesab olunmur.
Xüsusilə mövsümi meyvələrin yetişməsi, təsərrüfatın digər sahələri üçün soyuq hava kütləsi müsbət hal olaraq dəyərləndirilmir.
Mövzu ilə bağlı Sfera.az-a danışan kənd təsrrüfatı məsələləri üzrə ekspert Aydın Nəsirov havanın kəskin şəkildə aşağı düşməsinin kənd təsərrüfatında müəyyən problemlər yaradacağını deyib:
"Bəzi meyvə və bitkilərin çiçəklənmə dövrü artıq yekunlaşıb. Əgər bundan sonra havanın tempraturu aşağı olarsa, bu, meyvəçiliyə ciddi ziyan verə bilər. Ümumilikdə isə kənd təsərrüfatı sahəsi çox risklidir. Bu sektor hava, iqlim şəraitindən sığortalanmayıb. Son günlər, xüsusilə yaz ayları üçün xarakterik olmayan belə soyuq kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Müsbət təsir özünü taxılçılıqda göstərir. Belə ki, qarın, yağışın yağması torpaqda münbitliyi, nəmi artırır. Bu da taxıl bitkilərinin inkişafı üçün çox yaxşıdır".
Ekspert soyuq hava şəraitinin bostan bitkiləri üçün də xeyirli ola biləcəyini vurğulayıb:
"Tərəvəz məhsullarını aprelin ikinci ongünlüyündən sahələrə köçürməyə başlayırlar. Xüsusən də pomidor, xiyar və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayır. Soyuq hava kütləsi bostan bitkilərinin inkişafına müsbət təsir edəcək. Xüsusən də, meyvəçiliklə məşğul olan fermerlər şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görməlidir. Torpağa kompleks gübrələr verilməli, torpaq yaxşıca bellənməlidir”.
Əzizə Zeynal
Sfera.az