Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

Media
11:50 / 10.05.2022
1049
ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə, eləcə də Böyük Britaniya və digər müttəfiqlərə dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə SSRİ-nin varisi olan dövlətə qarşı bərpa edilib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, imzalanma mərasiminin 9 mayda baş verməsi Rusiyaya və dünyaya önəmli mesajdır:
"İlk "Lend-Liz"in qəbulu zamanı da ABŞ-ı demokrat prezident idarə edirdi. Məlum olduğu kimi, Bayden Ukraynaya 33 milyard dollarlıq yardım ayrılması üçün Konqresə müraciət etmişdi. Konqresdəki demokrat çoxluq isə bu məbləğin 40 milyard dollara yüksəldilməsini təklif edib. Nümayəndələr Palatasında bu gün məsələyə baxılacağı gözlənilir.ABŞ Ukraynanın müdafiəsinə yatırım qoymaqla bərabər, bu iş üçün öz prestijini də ortaya qoyur, belə bir şəraitdə Ukraynanın məğlubiyyəti mümkün deyil. Bu gün Boris Conson da "Ukraynanın qələbəsinə heç bugünkü qədər əmin deyildim", - dedi. Bu cür bəyanatlar təsadüfən ağızdan çıxmır, konkret məlumatlara və qərarlara əsaslanır”.
Ekspert Böyük Britaniya hökumətinin də öz növbəsində Ukraynaya 1,3 milyard pound hərbi yardım ayırdığını xatırladıb:
"Lakin hansı nəticə qələbə sayılacaq: rus ordusunu 24 fevraldan əvvəlki mövqelərə qədər sıxışdırmaq, yoxsa Krım və Donbası da geri qaytarmaq? Buna artıq Ukrayna qərar verəcək. Yay aylarında Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir”.
Günay Rəsulqızı
Sfera.az