“Qərb rahat yata bilər, müharibə marağımızda deyil...” – Lukaşenkodan təəccübləndirici AÇIQLAMA
15:50 / 05.05.2022
1479
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu qədər uzun sürəcəyini gözləmədiyini bəyan edərək, müharibəni dayandırmaq üçün "hər şeyi" etdiyini iddia edib.
Sfera.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyini təkrarlayan Lukaşenko "The Associated Press”ə açıqlama verib.
Belarus hərbi hakimiyyətinin planlaşdırdığı və Ukrayna tərəfindən narahatlıqla qarşılanan hərbi təlimlərlə bağlı sualı Lukaşenko belə cavablandırıb:
"Əməliyyatın rusların dediyi kimi, yoxsa mənim hiss etdiyim plana uyğun davam edəcəyini bilmirəm. Amma hiss edirəm ki, bu əməliyyat uzanır. Biz heç kəsi təhdid etmirik və heç kimi təhdid etməyəcəyik. Kimin bizə qarşı olduğunu bilirik. Qərbdə hansısa müharibənin aparılması qətiyyən Belarus dövlətinin marağında deyil. Qərb rahat yata bilər”, - deyə prezident bildirib.
Belarus lideri ölkəsinin sülh tərəfdarı olduğunu bəyan edərək, Ukraynanın Rusiyanı təxribata çəkdiyini iddia edib.
Lukaşenko ölkəsinin töhfəsi ilə danışıqlara başlanıldığını, lakin Ukraynanın hazırda bu danışıqlarda maraqlı olmadığını iddia edib.
Əzizə Zeynal
Sfera.az