Rusiya Avropanın 2 ölkəsinə qaz nəqlini DAYANDIRIR

Media
11:12 / 27.04.2022
1466
Rusiyanın qaz şirkəti "Qazprom" aprelin 27-si səhər saatlarından etibarən Polşa və Bolqarıstana təbii qaz axınını dayandırıb.
Sfera.az xəbər verir ki, hər iki ölkə Rusiyadan qazı Yamal kəməri ilə alırdı. "Qazprom" Yamala qaz vurulmasını dayandırıb.
Polşa tərəfinin açıqladığı məlumata görə, ölkənin qaz anbarlarında doluluq səviyyəsi 80 faiz olduğu üçün qaza olan tələbatın ödənilməsində heç bir problem olmayacaq.
Polşa hökuməti Rusiya qazının tədarükünün kəsilməsini Moskva ilə Avropa arasında enerji təchizatı və Ukraynadakı müharibə ilə bağlı mübahisələrdə eskalasiya kimi qiymətləndirib.
Bolqarıstan tərəfi bununla bağlı açıqlama verməyib.
"Qazprom”dan verilən açıqlamada isə qeyd olunur ki, Polşa qazın pulunu yeni ödəniş sistemi ilə etməlidir. Rusiya tərəfi yanacağın pulunun rublla ödənilməsini istəyir. Xatırladaq ki, martın 23-də Rusiya prezidenti Vladimir Putin təbii qaz satış ödənişlərində rus rubluna keçmək planını açıqlayıb. Putin tələblər tam yerinə yetirilməsə, qaz təchizatını kəsməklə hədələmişdi. Putinin martın 31-də imzaladığı fərmanla qüvvəyə minən yeni sistemə görə, Rusiya qazını alan ölkələr "Qazprombank”da hesab açıb ödənişləri etdikdən sonra sözügedən vəsait Moskva Birjasında rubla çevriləcək.
Avropalı ekspertlər hesab edir ki, qazın kəsilməsi əslində Polşanın Rusiyaya qarşı sanksiya siyasətinə cavabdır. Polşa bu gündən etibarən 50 rus milyarderi və onların şirkətlərinə qarşı sanksiya tətbiq edəcəyini, o cümlədən aktivlərinin dondurulması və Polşaya giriş qadağası tətbiq edəcəyini açıqlayıb. Moskvanın Ukraynadakı müharibəsinə cavab olaraq Polşa Avropa Birliyi ölkələrini Rusiyadan neft, qaz və kömür almağı dərhal dayandırmağa çağırıb. Polşa hökuməti may ayına qədər Rusiyadan kömür idxalını, ilin sonuna qədər isə Rusiya neftindən istifadəni dayandıracağını açıqlayıb.
Vasif
Sfera.az