Rusiyadan yeni nüvə təhdidi - Xirosimaya atılan atom bombalarından 2000 dəfə güclüdür

Media
12:34 / 25.04.2022
1317
Rusiya Ukraynada itkilər verən ordusunun "məğlubedilməz” imicini bərpa etmək üçün nüvə silahlarını yenidən gündəmə gətirib.
Sfera.az bildirir ki, ötən həftə Rusiya "Sarmat” (RS-28) qitələrarası ballistik raketlərini sınaqdan keçirib. Rusiya lideri Vladimir Putin "Bu unikal silah bizi təhdid etməyə çalışanları yenidən düşünməyə vadar edəcək” deyərək ABŞ və NATO-nu qorxudub. Rusiya rəsmiləri də yeni açıqlama verərək, ABŞ-a nüvə hücumu təşkil edə bilən "Sarmat” raketlərinin payıza qədər istifadəyə veriləcəyini açıqlayıb. Qeyd edilib ki, Qərbdə "İblis II” kimi tanınan raketlər Moskvadan 3 min kilometr şərqdə, Krasnoyarsk vilayətində yerləşdiriləcək. İngiltərə böyüklüyündə bir ərazini məhv etmə gücünə malik hipersəs raketlərinin səs sürətini 20 dəfə keçə bildiyi və heç bir müdafiə sistemi ilə qarşısının alına bilməyəcəyi vurğulanıb.
Sarmat raketləri İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclüdür. Raketlərin təxminən 18 min kilometr mənzilə sahib olduğu deyilir.
Xatırladaq ki, "Putin nüvə silahından istifadə edə bilərmi?” sualını Zelenski belə cavablajndırmışdı:
"İnanıram ki, nüvə silahı yalnız müasir dünyada reallıqla əlaqə kəsildikdə istifadə oluna bilər. Rusiya administrasiyası reallıqla əlaqəni kəsməsə, nüvə silahından istifadə etməyəcək. Bəs bu silahdan istifadə etmək mümkündürmü? Bəli”.
Günay Rəsulqızı
Sfera.az