Japarovun Bakı səfərinin kodları – Qırğız lider niyə gəlmişdi?

Media
12:20 / 21.04.2022
1549
"Japarovun Bakıya səfəri yeni dünya nizamında özünə həlledici mövqe tutmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi baxımından önəmlidir. Düzdür, Qırğzıstanın türk dövlətləri içərisindəki potensialı digərlərinə nisbətən zəifdir, bununla belə ikitərəfli münasibətlərin inkişafı zəruridir”.
Bu sözləri Sfera.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Japarovun səfərinin hansı hədəflərə hesablandığını təyin etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
"Azərbaycan Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında atdığı addımları strateji müttəfiqi Türkiyənin "ayaq səsləri” ilə uzlaşdırır. Eynilə Ankara da analoji mövqedən çıxış edir. Bu, həm Şuşa Bəyannaməsinin maddəalarını tələblərindən, həm də onun da fövqündə dayanan, lakin açıqlanmayan bəzi məsələlərin məğzindən irəli gəlir. Buna görə də, Bakı-Bişkek münasibətlərinin mövcud dünya nizamdakı əlaqələrini Türkiyə-Qırğızıstan amili kontekstində dəyərləndirmək lazımdır”.
Ekspertin sözlərinə görə, Türkiyə ilə Qırğızıstan bir neçə il öncə bir-birindən soyuyan siyasətə imza atmışdı:
"Bununla belə bu, iki ölkənin strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrinə zərbə vurmadı. Türkiyə regional güc olduğundan Qırğızıstanın təhlükəsizliyinə sərmayə yatırır və bu ölkədə sabitliyin, inkişafın qorunmasında maraqlıdır. Əlaqələrin çərçivəsi siyasi və institusional transformasiya prosesini sürətləndirir. Lakin Qırğızıstan Mərkəzi Asiya bölgəsinin "barıt çəlləyi” halına gəlməsindən doğan risklərlə də üz-üzədir. Ümumilikdə Mərkəzi Asiyada strateji maraqları olan Türkiyə maksimum dərəcədə perspektiv risklərə qarşı sədd çəkməyə çalışır və Azərbaycanın da prosesdəki siyasi rolunu iqtisadi əsaslarla regiona gətirir. Buna görə də Azərbaycanla Türkiyə bundan sonra Qırğızıstanda qarşılıqlı müştərək iqtisadi maraqlar müəyyən etməli və iqtisadi-siyasi əsaslarla da TDT-dəki mövqelərini möhkəmləndirəcək”.
Turan Rzayev
Sfera.az